Rusiyanın Azərbaycan İcmaları Konfederasiyası Evində Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) nümayəndələri və fəallarının Rusiyanın Azərbaycan diasporunun rəhbəri, akademik Fazil Qurbanovla görüşü keçirilib.
Teleqraf.com-un məlumatına görə, akademik Fazil Qurbanov görüşdə iştirak üçün dəvətə vaxtında göstərdikləri reaksiyaya görə RAGB fəallarına təşəkkürünü bildirib. O, Rusiyada azərbaycanlılar və ermənilər arasında baş verən insidentlərin bütün ictimaiyyəti narahat etdiyini qeyd edərək deyib: “Son günlər erməni separatçıları tərəfindən törədilən təxribatçı hadisələr Rusiya cəmiyyətində millətlərarası həmrəyliyin qorunub saxlanması məsələsinə bir çağırışdır. Biz, Rusiyanın çoxmilyonlu Azərbaycan diasporunun nümayəndələri sülh və sabitliyin qorunması üçün əlimizdən gələni etməliyik. Rusiya qanunlarının aliliyinin təmin edilməsi, onların dönmədən icra olunması – RF ərazisində yaşayan hər bir insanın borcudur. Məhz bu səbəbdən biz hansısa təxribata Rusiyanın bu və digər formada cəlb edilməsinin əleyhinəyik”.
O qeyd edib ki, qədim tarixə, zəngin mənəvi mədəniyyətə malik azərbaycanlılar hansısa provokasion, qeyri-mədəni hərəkətlərdə və qarşıdurmada iştirak edə bilməz və buna yol verməməlidirlər.
“Həqiqət bizim tərəfimizdədir və onu yumruq gücünə sübut etmək lazım deyil. Erməni işğalçılarına layiqli cavab verən güclü ordumuz var. Bizim borcumuz isə tarixi Vətənimizi onun hüdudlarından kənarda layiqincə təmsil etməkdir. Mən bir daha hər birinizdən təmkinlilik və müdriklik nümayiş etdirmənizi xahiş edirəm”, - deyə Fazil Qurbanov əlavə edib.
Daha sonra çıxış edən professor Kamran Rüstəmov vurğulayıb ki, qəzəblənmiş terrorçu meyilli erməni dəstəsinin bütün dünyada, o cümlədən Rusiya yaşayan dinc azərbaycanlılara hücumu ağrı və ciddi narahatlıq doğurmaya bilməz. Vəziyyətin ölkə ali rəhbərliyi və hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən nəzarətə götürüldüyünü bildirən professor deyib: “Biz Azərbaycan diasporunun müraciətini artıq Dövlət Dumasına, Federasiya Şurasına, Daxili İşlər Nazirliyinə, siyasi fraksiyalara göndərmişik. Müraciətdə erməni separatçılarının qarşıdurma təşkil etmək cəhdinin aradan qaldırılmasına kömək göstərilməsi xahiş olunur. Biz azərbaycanlı və erməni gənclər arasında qızğın qarşıdurmanın profilaktikası və buna yol verilməməsi üçün Rusiyanın bütün regionlarında dövlət strukturları ilə əməkdaşlıq etməyə hazır olmağımız barədə məlumat vermişik”.
RAGB-nin məsul katibi Ceyhun Hüseynov gənclərə müraciət edərək, onları zorakılığa səsləyən kütlənin psixologiyasına söykənən şəxsi ambisiyalar üzərində qurulan təhrikedici təxribatlara uymamağa çağırıb. C.Hüseynov deyib: “Bizim tərəfimizdən “Telegram” kanalı yaradılıb. Hər gün bu kanal vasitəsilə baş verən bütün hadisələr, Qarabağın ermənilər tərəfindən işğalı ilə bağlı tarixi materiallar əldə etmək mümkündür. RAGB sədr Leyla xanım Əliyeva başda olmaqla bütün təşəbbüslərdə sizi dəstəkləməyə hazırdır, biz daim sizin yanınızda olacağıq!”.
Azərbaycan diasporunun nümayəndəsi, vəkil İlqar Hacıyev gəncləri xüsusi sayıqlıq nümayiş etdirməyə və Rusiya ərazisində yaşayan bütün azərbaycanlıların nüfuzuna xələl gətirə biləcək hər hansı təxribata uymamağa çağırıb. O xatırladıb ki, Rusiya Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində, o cümlədən Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisi də daxil olmaqla ölkəmizin ərazi bütövlüyünü tanıyır. İ.Hacıyev xüsusi vurğulayıb ki, Rusiyadakı diasporumuz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin fəaliyyətini və xarici siyasətini dəstəkləyir.
Rusiya Dövlət Dumasının ekspert şurasının üzvü İmaməli İmaməliyev Rusiyanı və doğma Azərbaycanı sevən bütün soydaşlarımızı sülhə və əmin-amanlığa, əməyə və quruculuğa, vətəndaş həmrəyliyinə səsləyərək deyib: “Yalnız bununla ölkələrimizin gələcək inkişafını və firavanlığını əldə etmək olar”.
Rusiyadakı Azərbaycan ziyalılarının nümayəndələri Manaf Ağayev, Aybəniz Rüstəmova, Ramin Rəcəbov və RAGB fəalları çıxış edərək görüşün təşkilinə görə akademik Fazil Qurbanova minnətdarlıqlarını bildirib, belə tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd ediblər.