16 Sentyabr 2020 18:58
1 944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ordusunun bu gün Tovuz istiqamətində növbəti təxribat törətmək cəhdi əslində gözlənilən idi. Çünki Ermənistanın himayədarları bu ölkəni müəyyən addımlar atmağa təhrik edirlər. Bu mənada Ermənistanın silahlandırılması təsadüfi deyil.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Fazil Mustafa sentyabrın 16-da cəbhənin Tovuz istiqamətində Ermənistan ordusunun atəşkəsi pozması haqqında danışarkən deyib.

Deputat əlavə edib ki, Azərbaycan ordusu istənilən təxribatın qarşısını almağa hazırdır: “Hesab edirəm ki, bu gün də düşmənə layiqli cavab verilib.

Fazil Mustafa Ermənistanın daha geniş təxribatlara əl ata biləcəyini, cəbhədə gərinliyi artıracağını mümkün hesab edib: “Ermənilərin və onlara dəstək verən ölkələrin niyyətləri bəllidir. Təxribatı elə ərazidə həyata keçirirlər ki, orada boru kəmərləri keçir. Bunlar qarşı tərəfin ciddi təxribat əməlləridir. Azərbaycan ordusu da sayıqlığını qoruyur və layiqli cavablar verir”.

Xatırladaq ki, bu gün cəbhənin Tovuz istiqamətində mövqe döyüşləri zamanı Ermənistan ordusunun kiçik serjantı, müqavilə əsasında xidmət edən Ovik Tamazyan öldürülüb. Ermənistan Müdafiə Nazirliyi onun “qəlpə və güllə yaraları aldığını” bildirib.


Müəllif: Cavad