Əvəz Temirxan: “Milli Şura kadr potensialımıza təəccübləndi”
Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan rəhbərlik etdiyi partiyanın hədəfləri və tədbirlər planı barədə danışıb.
O, Teleqraf.com-a açıqlamasında deyib ki, hazırda ALP təşkilatlanma ilə məşğuldur və parlament seçkilərinə hazırlıq işləri görür. Onun sözlərinə görə, partiyanın 65 rayonda təşkilatı mövcuddur: “Boş qalan rayonlarda təşkilatlanmağı hədəf seçmişik”.
Hər həftə partiya rəhbərliyinin bir araya gəlib cari məsələləri müzakirə etdiyini deyən Ə.Temirxan qeyd edib ki, ALP sadəcə öz tədbirlərini reklam etməyi sevmir: “Cəmiyyət bizimlə bağlı məlumatlarla seçkilərdə çıxışımız zamanı agah olur, strateji məsələlərə dair partiya və onun liderinin mövqeyini ortaya qoyanda ondan xəbər tutur”.
ALP sədri qeyd edib ki, partiya lideri Lalə Şövkətin iştirakı ilə son görüşdə Azərbaycanın xarici və daxili siyasətindəki məsələlər müzakirə olunub. Onun sözlərinə görə, Lalə Şövkət hesab edir ki, Azərbaycan qonşularla münasibətlərdə ehtiyatlı davranmalıdır: “Lalə xanım düşünür ki, Azərbaycan dünyaya inteqrasiya olunmalı və çoxşaxəli siyasət yeridilməlidir. Ölkəmiz qonşuları ilə xoş münasibət saxlamağı bacarmalıdır”.
“İqtidar müxalifətlə dialoq keçirsə, Lalə Şövkət iştirak edəcəkmi” sualına Ə.Temirxan belə cavab verib: “Lalə xanımın həmin görüşdə iştirak etməsi dialoqun səviyyəsindən asılıdır. Vaxtilə Lalə Şövkət iqtidar-müxalifət dialoqunun təşkilatçısı idi. Heydər Əliyev prezident olarkən Qarabağ məsələsilə əlaqədar partiyaların bir araya gəlməsi və şəxsən Heydər Əliyevlə görüşməsinin təşəbbüsçüsü və təşkilatçısı Lalə Şövkət idi”.
Ə.Temirxan Milli Şuranın oktyabrın 12-də keçirilən mitinqinə də münasibət bildirib: “Mitinqdə iştirak hər kəsin hüququdur. Mən və ALP nümayəndələri mitinqə gəlməli idik. Partiya üzvlərimizə mitinqdə iştirakla bağlı seçim hüququ vermişdik. Mitinq zamanı Lalə Şövkətin yanında vacib görüş vardı, orada olmalıydım. Ona görə də elə oldu ki, mitinqə gedə bilmədim”.
O, mitinq günü L.Şövkətlə birgə keçən görüşü gizli saxlamağı üstün tutduğunu deyib:
“Lalə Şövkətin təbliğinə ehtiyac görmürük deyə görüşlərimiz barədə məlumat vermirik. Piar kampaniya çox olduqca ucuzlaşır, cəmiyyət yorulur. Siyasəti elə qurmalısan ki, cəmiyyət sənin sözünü gözləsin, seçicini düşündürücü pauza olmalıdır. Pauza olmayanda piar kampaniya yorucu kampaniyaya çevriləcək, seçicini bezdirəcək. Onlar daima sənin nə deyəcəyini gözləməlidir. Dünyada liderlər xalq qarşısına ancaq seçkidən seçkiyə çıxırlar. Bu, təsadüfi deyil. Psixoloji məqamı bilmək lazımdır ki, seçici siyasətçidən yorula bilər. Xalqın gözündə görünmə həddini aşanda bu, seçicidə yorğunluq yaradır, seçici vacib strateji məqamlarla bağlı fikirlərini tutmaya da bilər. Biz onun tərəfdarı deyilik. ALP-nin düşünülmüş məhdud piar siyasətinin nəticəsidir ki, ötən il Milli Şurada partiyamızın nümayəndələrini görəndə hətta bir sıra siyasi liderlər dedilər ki, ALP-nin belə kadr potensialını görüb təəccübləndik.12 namizəddən ikisi elmlər doktoru, altısı elmi işçi idi. Lalə Şövkətin ətrafında çox ciddi kadr potensialı var”.
Nərgiz