"Global Firepower 2020" hesabatına görə, dünyanın 138 ən güclü orduları arasında Azərbaycan 64-cü, Ermənistan 111-ci yerdədir. Bu və digər səbəblərdən erməniləri döyüşdə böyük hesabla məğlub etdik. Bir həftədir ki, atəşkəs bəyanatı imzalanıb, döyüşlər dayansa da erməni-Azərbaycan müharibəsi davam edir və hələ yüz illərlə də davam edəcək. Çünki bundan sonra nə onlar, nə də biz Qafqazdan köçən deyilik. Odur ki, dayanmalı deyilik, irəli getməliyik.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib.
O hesab edir ki, tam və qəti qələbə qazanmaq üçün bütün mövqelərdə ermənilərdən üstün olmalıyıq:
“Məsələn, korrupsiya indeksində onlar nədən 198 ölkə arasında 77-ci, biz 126-cı olmalıyıq, hansı səbəbdən onlar iqtisadi azadlıq indeksinə görə dünyanın 180 ölkəsi arasında 34-cü, biz 44-cüyük? Niyə İQ (intelligence quotient-intellekt səviyyəsi) indeksinə görə onlar 94, biz 87 bala malikik və yaxud elmi məqalələrə istinadların sayına görə onlar dünyada 89-cu, biz isə 94-cü yerdəyik? Yaxud nəyə görə 15-24 yaşlı gənclərin Ermənistanda 47 faizinin, Azərbaycanda isə 13 faizinin bankda hesabı vardı?
Sualları uzatmaq olar, amma burda saxlayıram. Siyasi söhbətlər aparıb məsələni qəlizləşdirmək də istəmirəm. Baxmayaraq ki, bu nəticələrin əldə olunmasında demokratiya, insan haqları, azadlıqlar üzrə indekslər də əhəmiyyətli rol oynayır. Amma sual edirəm, nədən elm, intellekt, təhsil, iqtisadi azadlıq, korrupsiya və bəzi başqa sahələrdə ermənilər bizdən irəli olmalıdır?”
Qubad İbadoğlu deyir ki, Azərbaycanın ermənilərdən irəli çıxdığı sahələr də var: “Amma hesab edirəm ki, Azərbaycan olaraq bütün mövqelərdə onları qabaqlamalıyıq. Gəlin, birlikdə nəysə nail olmaq yollarını fikirləşək, başqa cür tam və qəti qələbə qazana bilmərik”.