30 Noyabr 2020 17:06
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVID-19-un sürətlə yayılması, yoluxan və vəfat edən şəxslərin sayında kəskin artım bütün dünya üçün ciddi problemdir. Ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, xəstəliyin qarşısını almaq üçün hökumətlər sərt məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalırlar. İqtisadi duruma, əhalinin maddi vəziyyətinə mənfi təsir göstərsə də, insanların həyatının təhlükəsizliyi üçün addımlar atılır. Azərbaycanda da insanlar vəziyyətin ciddiliyini, həyat üçün potensial təhlükəni yaz-yay aylarında olduğu qədər məsuliyyətlə dərk etmir. Ehtiyatsız davranılır, mövcud qaydaları pozulur, tövsiyyələrə əməl edilmir.

Bunu Telaqraf.com-a Milli Məclisin Səhiyyə Komitəsinin üzvü İlham Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanın tarixi qələbəsi bir çox vətəndaşlar tərəfindən kütləvi şəkildə qeyd edilib. Deputat bildirib ki, insanlarda yaranmış ruh yüksəkliyi COVID-19 pandemiyası təhlükəsini ikinci plana keçirib: “Vətən Müharibəsində sonra baş verən kütləvi tədbirlər COVID-19-un yayılması ilə bağlı vəziyyəti gərginləşdirdi. Kütləvi yoluxma hallarının olacağını indidən demək üçün əsaslar var”.

Komitə üzvünə görə, vəziyyətin təhlili göstərir ki, son 10-14 gündə ölkəmizdə aktiv xəstələrin sayı iki dəfə artaraq 45,000 nəfəri ötüb: ”Əgər dekabr ayının ilk 10 günlüyündə xəstəliyin artım sürəti dəyişməzsə, aktiv xəstələrin sayı 90,000 nəfərə çatacaq. Bu isə milli səhiyyə sisteminin imkanlarından yuxarıdır. Mövcud tendensiya onu deməyə əsas verir ki, qarşıdan gələn günlərdə yoluxma hallarının sayı gündə 5000-6000 nəfərə çatacaq. Bu da xəstələrin çarpayılarla təminatı, xəstəxanalara çatdırılması, vaxtında tibbi müdaxilənin edilməsi kimi zəruri tədbirləri qeyri-mümkün edəcək”.

İlham Məmmədov qeyd edib ki, yay ayları ilə müqayisədə gündəlik ölüm halları da 4 dəfəyə qədər artıb: “Gündəlik yoluxma hallarının artması gündəlik ölüm hallarının yüksəlməsi ilə nəticələnəcək. Hazırda yoluxma hallarının 1-1,5%-i ölümlə nəticələnir. Ölüm hallarının qarşısını almaq üçün gündəlik yoluxma hallarının sayının azalması mütləq şərtdir”.

Millət vəkilinə görə, dövlət koronavirusla mübarizədə bütün zəruri tədbirləri həyata keçirib: “Ölkənin səhiyyə sisteminin potensialı əsaslı şəkildə gücləndirilib. Çarpayı fondu artırılıb. Zəruri dərman vasitələrinin tədarükü, yeni xəstəxanaların tikilməsi təmin edilib. Həkim və tibbi personalın mobilizasiyası nəticəsində bu gün 40,000 nəfərdən çox xəstənin müalicəsinə imkan verir.

Amma bu imkanlarında bir həddi var və bu həddi aşmağa çox az vaxt qalıb. Bu günə qədər COVID-19 pandemiyasının qarşısının alınması istiqamətində ən təsirli tədbirlər sərt məhdudiyyət idi. Məhz bunun nəticəsində iki dəfə xəstəliyin sayında sürətli artımın qarşısı alındı. Xəstəliyin minimallaşdırılmasına nail olundu. Məhdudiyyətlərin sosial-psxoloji təsirləri hər birimizə məlumdur. Məhz bu səbəbdən məhdudiyyətlərin tətbiqi hələlik minimal miqyasda həyata keçirilir.

Vətəndaşlarımız öz davranışları ilə vəziyyətin yaxşılaşmasına töhfə verməlidir. Daha məsuliyyətli olmalı, davranışlarını mövcud tələblərə uyğunlaşdırmalıdır. COVID-19 virusu ilə mübarizədə ən vacib amil vətəndaş həmrəyliyi və dövlət-vətəndaş əməkdaşlığıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər