Teleqraf.com-un suallarını Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov cavablandırıb. Müsahibəni təqdim edirik.
– Sahib müəllim, bildiyiniz kimi Prezident İlham Əliyevin dekabrın 8-də imzaladığı fərmanla Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) yaradılıb. Fondun yaradılması hansı zərurətdən irəli gəlir?
– Vətən Müharibəsinin getdiyi dövrdə belə çoxsaylı təkliflər səslənirdi. Hətta bəzi QHT-lər, jurnalistlər, ictimai fəallar yardımlar toplayıb həm ön cəbhədə olan hərbçilərə, həm onların ailələrinə, həm də şəhid ailələrinə yardımlar edirdilər. Amma bu təşkil edilməmiş, spontan qaydada idi. Ona görə də yenə deyirəm bu fikirlər çoxdan səslənirdi. Ölkədəki bəzi qurumlar, məsələn Sosial Tədqiqatlar Mərkəzi də bu istiqamətdə hökumətə öz təkliflərini vermişdi. Bu təkliflərdə həm şəhid ailələri, həm Ermənistanın hərbi cinayətləri nəticəsində şəhid olan mülki əhali, həm də hərbi əməliyyatlar zamanı və yenə hərbi cinayətlər nəticəsində sağlamlığını itirib əlilik almış şəxslərə qeyri-dövlət dəstəyinin təşkli nəzərdə tutulurdu. Fond əslində bu dəstəyin təşkili məqsədilə yaradılıb. Yəni bu fondun yaradılması cəmiyyətin sifarişi idi. Siz özünüz şahidsiniz ki, KİV-lərdə, sosial şəbəkələrdə bu istiqamətdə müzakirələr gedirdi. Müxtəlif təkliflər var idi. Eyni zamanda ölkə prezidenti həm ictimaiyətin rəyini, həm də zərurəti nəzərə alaraq blə bir fond yaratdı. Adı da çox uğurlu seçilib. Fondun Himayəçilik Şurasında yenə də ictimayyətin tanıdığı şəxslər təmsil olunur. Şurada QHT, yaradıcılıq təşkilatlarının təmsilçisi, hərbi xidmət zamanı əlilliyi yaranmış şəxs və müharibə veteranı, şəhid ailəsinin üzvü var.
Bizim əvvəlcədən verdiyimiz təkliflərdə ilk növbədə müfəssəl məlumat bazasının toplanması əksini tapmışdı. Çünki söhbət yalnız Vətən Müharibəsi zamanı şəhid olan olan və sağlamlığını itirən şəxslərdən getmir. Ümumiyyətlə, Qarabağ müharibəsiz zamanı minlərlə insan şəhid olub, yaxud əlillik qazanıb. Bütün bunların hamısı və onların ailə üzvləri var. Yəni az əhali də deyil. İndi soruşula bilər ki, dövlətin bu ailələrə bir neçə çeşiddə dəstəyi var. Fondun məqsədi isə qeyri-dövlət dəstəyini təqdim etməkdir. Çünki həm 10 milyonluq Azərbaycan vətəndaşlarının, həm də mən hesab edirəm ki, xaricdə yaşayan həmvətənlərimizin, Azərbaycana dost oln bütün şəxslərin şəhidlərin ruhu, onların ailələri qarşısında, zərər çəkmiş mülki əhali qarşısında bir mənəvi borcu var. Çünki onlar bu qələbəni təmin etdilər. Ona görə cəmiyyət də istəyir ki, onlara bir dəstək göstərsin. İndi kimsə özü fərdi tanıdığı bir ailəyə hansısa bir ehtiyacı olarsa, köməklik edə bilər. Bunlar öz yerində. Bunlar da qalmalıdır. Amma bu fond vasitəsilə ehtiyaclara uyğun işlər görülməlidir. Bəlkə də elə şəhid ailəsi olacaq ki, o, gələcəkdə böyük bir biznes quracaq. Onların içində çox bacarıqlı insanlar var. Yaxud elə qazilər var ki, onlara şərait yaradılsa, onlar böyük sahibkarlıq subyektləri yarada bilərlər. İçərilərində yaradanlar da var. Yəni onların özləri burada benefisiar, yardım, dəstək alan yox, donora çevrilə bilərlər. Yəni hər kəsə ucdantutma yardım yox, kimin nəyə ehtiyacı varsa, ona uyğun yardımı təşkil etmək fondun üzərinə düşən əsas vəzifədir. Bunun üçün müfəssəl məlumat bazası lazımdır: kimin nəyə ehtiyacı var. Bu baza məlumatları hökumətdə - elektron informasiya sistemində var. Bundan əlavə məlumatlar toplanmalıdır. Məsələn, elektron sistemdə onun üçotaqlı evinin olduğu görünə bilər, amma məlumat yoxdur ki, o ev üçulub sökülmək ərəfəsindədir. Elektron sistemdə var ki, şəxsin avtomobili var. Amma 80-ci illərdən qalan avtomobildir, istifadə edə bilmir. Bazada torpaq sahəsinin olduğu görünə bilər, amma bilnmir ki, ondan istifadə edə bilir, yoxsa bilmir. Bu ehtiyacları müəyyən etmək üçün böyük anketləşdirmə işləri və daim yenilənən elektron məlumat bazası yaratmaq lazımdır. Bunsuz ədalətli bölgü, ədalətli yardımı təşkil etmək mümkün deyil. Mən hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi də bu işə qoşulacaq və əlavə məlumat bazasının formalaşması vacibdir. Bundan sonra hətta gələn il üçün yaranacaq ehtiyacı da bu ildən bilmək mümkün olacaq. Məsələn, gələn il şəhid ailəsinin övladı ali məkbətə daxil olacaq, rayondandır, onun Bakıda qalması üçün yataqxana, yaxud kirayə mənzilinin pulunun ödənilməsi nəzərdə tutula bilər. Bunların hamısını fond etməlidir. Dövlətin öhdəliyi öz yerində, bu da dövlətin yaratdığı bir fonddur. Fond da bunu etməlidir.
– Dövlət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə bu kateqoriyadan olan insanların ehtiyaclarını qarşılayır. Bəs fond öz dəstəyini necə göstərəcək? Yəni bu məsələlər necə tənzimlənəcək?
– Hesab edirəm ki, burada koordinasiya çox vacibdir. Məsələn, şəhid ailələrinə mənzillər verilir. Əlilliyi olan qazilərə avtomobillər təqdim olunur. Bunlar dövlət tərəfindən növbəlilik sistemi əsasında həyata keçirilir. Şəhid ailələrinə 11 min manat məbləğində birdəfəlik sığorta ödənişi edilir. Alınan əlilliyin dərəcəsindən asılı olaraq sığorta ödənişləri birinci, ikinci qrup üzrə ödənilir. Bundan sonra müavinət və pensiya sistemi işə düşür. Bunlar hamısı qalacaq. Amma bunlar ehtiyacları tam ödəmir. Məsələn elə ailə var ki, mənzilləri çox köhnədir, müasir tələblərə cavab vermir. Sanuzel sistemi, hamamı yoxdur, divarları uçub dağılır. Bunların hamısını dövlət birdən-birə edə bilməyəcək. Müharibədən çıxmışıq. On min kv.km ərazini yenidən qurmalıyıq. Yüzlərlə kənd, qəsəbə, şəhər salmalıyıq. Bunların kommunikasiyasını, təchizatını etməliyik. Eyni zamanda ordumuzu möhkəmləndirməliyik. Digər tərəfdən neftin də qiyməti düşüb. Yəni dövlət bunları edəcək, amma əlavə zəruri ehtiyacların qarşılanmasına kömək etməyə də hər birimiz borcluyuq.
– Fondun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydasında göstərilir ki, fondun vəsaiti fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşacaq. Sizin bununla bağlı baxışlarınız nədən ibarətdir?
– Mənim təkliflərim xeyli fərqlidir. Dünya praktikasında belə fondların vəsaiti iki üsulla formalaşır: birincisi, könüllülük, ikincisi isə qismən icbarilik. Xorvatiyada bir fond var. Həmin fond QHT-lərə, idman assosiasiyalarına vəsait ayırır. Bilirsiniz ki, onlar da bizim kimi separatizmlə üzləşib. Onlar 100 min nəfərdən artıq bir ordu yaradaraq müharibə apardılar, separatizmin kökünü kəsdilər. Nə qədər itkiləri, yaralıları oldu. Onlara dövlətdən başqa QHT-lər də yardım göstərir. Onlar həmin fonddan vəsait alırlar. O fondun vəsaitinin necə formalaşdığıa gəldikdə isə ölkədə həyata keçirilən bütün lotoreya oyunları, at yarışları, futbol oyunları və digər idman mərc oyunlarından gələn mənfəətin 50 faizini həmin işi təşkil edən sahibkar, qurum həmin fonda köçürməlidir. Artıq fiziki və hüquqi şəxslər fonda kütləvi şəkildə vəsait köçürürlər, amma əvvəlki fondların praktikasından bilirəm ki, bu bir kampaniya kimi keçəcək, sonra səngiyəcək. Halbuki davamlı maliyyə təminatı üçün mexanizmlər lazımdır. Məsələn, mən təklif etmişəm ki, Vətən Müharibəsi atributlarının istehsalı və satışı, onların satış sərgisinin, auksionların təşkil olunması hüququ fondun vəsaitinin sərəncamçısı olan Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə verilsin. Yəni dövlət agentliyi atributların hazırlanması sifarişini hansısa sahibkara sifariş də verə bilər. Onlarla bu cür atribut var. Açıqcalar buraxıla, ayrı-ayrı qazilərin fotolarından ibarət tablolar, müxtəlif suvenirlər hazırlana bilər. Bunların istehsalı və satışı hüququ dövlət agentliyinə verilə bilər. Eyni zamanda oradan əldə olunan gəlir də vergilərdən azad oluna, tamamilə fonda yönələ bilər. Bu, böyük bir vəsait olar və fondu davamlı vəsaitlə təmin edər.
Yaxud məqsədli vergi tətbiq etmək olar. Əməkhaqqı min, yaxud min beş yüz manatdan yuxarı olan şəxslərdən 3 il müddətinə 1, 1,5 və ya 2 faizi miqarında fondun nəfinə vergi tutula bilər. Yəni dünya praktikasında istənilən qədər belə nümunələr var. Bu cür yollarla vəsait təminatını davamlı etmək olar. Bu fondun davamlı maliyyə təminatı olmalıdır. Ona görə də yalnız könüllü ianələr kifayət etməyəcək. Nəzərə almaq lazımdır ki, şəhidlərin, qazilərin ailə üzvlərini də götürsək on minlərlə insandan söhbət gedir. On minlərlə insanın ehtiyacları üçün fondda samballı vəsait olmalıdır.
Bundan başqa dövlət agentliyi müxtəlif aksiyalar keçirə bilər. Məsələn, şəhid övladlarının festivallarını, bacarıqlı şəhid övladlarının rəsm müsabiqələrini təşkil edə bilər. Bu uşaqları xarici mübadilə proqramlarına cəlb edə, onların bacarıqlarını artırmaq üçün hansısa layihələr həyata keçirə bilər. Bunlar üçün qrantlar, maliyə yardımları verilə bilər. Yəni bir çox işlər var. Mənim fikrimcə, fond yalnız o işlə məşğul olmalı deyil ki, “filan ailədə valideyn xəstələnib, onun əməliyyat xərci üçün vəsait lazımdır, hə, beş min, buyur, verdik getdi”. Bununla kifayətlənməli deyil. Məncə, fond vəzifələrini daraltmamalıdır. Fondun üzərinə daha geniş missiya düşür. Çünki adında yaşat sözü var. Yaşat çox şeyi ehtiva edir. Yaşat, yəni şəhidin ruhunu yaşat, onun ailəsini yaşat. Yaşatın içərisində təkcə maddi yaşam nəzərdə tutulmur. Yəni fondun yaşat adına uyğun da fəaliyyəti olmalıdır. Mənim gözləntim bundan ibarətdir.