2021-ci ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik sahəsinə ayrılan vəsaitin 4,6 milyard dollara çatdırılmasına təbii yanaşmaq lazımdır. Belə də olmalıdır. Biz bilməliyik ki, 44 günlük müharibə ərzində neçə illər ərzində aldığımız silahları xərclədik. Yəni döyüşlərdə effektiv istifadə etdik. İndi bu silahların yeri doldurulmalıdır.
Bu fikirləri Teleqraf.com-a Ayna-Zerkola qəzetinin təsisçisi, siyasi təhlilçi Elçin Şıxlı üzümüzə gələn ildə Azərbaycan dövlətinin müdafiə və milli təhlükəsizlik sahəsinə ayrılan büdcənin artırılmasının səbəblərinə toxunarkən deyib.
O əlavə edib ki, Azərbaycanın hərbi uğurlarına baxmayaraq orduda təkmilləşdirmə işlərinə maliyyə ayrılmalıdır:
“Yəni peşəkarlıq artırılmalıdır. Təbii ki, yeni silahlar alınmalıdır. Həmçinin Müdafiə Sənayesi Nazirliyimizin imkanı olmalıdır ki, yeni texnika və texnologiya üzərində iş getsin. Bu olmadan mümkün deyil”.
Elçin Şıxlı vurğulayıb ki, Azərbaycana düşmən münasibətindən imtina etməyən Ermənistana əsla inanmaq olmaz: “Baxın atəşkəsin üzərindən bir müddət keçdikdən sonra ermənilər yenidən başlarını qaldırıb həyasız bəyanatlar verirlər. Bunlar sakit durmayacaq. Odur ki, biz güclü olmalıyıq”.