Mədəniyyət Nazirliyində kifayət qədər xoşagəlməz hallar mövcud idi.
Teleqraf.com-un məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Mədəni abidələrimizin, dini abidələrimizin qorunması Mədəniyyət Nazirliyinin başlıca vəzifəsi olacaq. Mənim təşəbbüsümlə bir çox tarixi abidələr bərpa edilib. Ancaq bu gün dözülməz vəziyyətdə olan kifayət qədər çox tarixi abidələrimiz var. Hesab edirəm ki, Mədəniyyət Nazirliyi yararsız vəziyyətdə olan bu mədəniyyət ocaqlarının qısa müddət ərzində təftişini aparmalıdır, siyahıya almalıdır, yeni siyahılar tərtib etməlidir. Çünki vaxtılə dövlət tərəfindən qorunan abidələrin siyahıları dəqiq tərtib edilməmişdir. Orada qərəzli yanaşma var idi. Bəzi binalar o siyahıdan çıxarılırdı ki, sonra onlar satışa çıxarılsın. Belə hallar da var. Kifayət qədər çox pozuntular var idi. Yəni, bu siyahılarla bağlı aparılan manipulyasiyalar əlbəttə ki, bizim mədəni irsimizə çox böyük zərbə vurdu. Digər xoşagəlməz halların, - əfsuslar olsun ki, Mədəniyyət Nazirliyində kifayət qədər xoşagəlməz hallar mövcud idi, - hamısı üzə çıxdı. Bu pozuntuları buraxan insanlar məsuliyyətə cəlb olundular, o cümlədən cinayət məsuliyyətinə. Ona görə siz bütün bu pozuntularla bağlı ciddi mübarizə aparmalısınız. Mən sizə bu barədə göstərişlərimi artıq nazir müavini vəzifəsinə təyin edəndə vermişdim".