Yanvarın 27-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a bildirilib ki, yaz sessiyasının başlanması münasibətilə deputatları təbrik edən İntizam komissiyanın sədri Eldar İbrahimov gündəlikdə “Milli Məclisin İntizam komissiyasının 2020-ci ilin yaz və payız sessiyaları dövründə gördüyü işlər barədə” məsələyə baxılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Komitə sədri qeyd edib ki, COVID-19 pandemiyası ilə əlaqədar yaranmış çətinliklərə baxmayaraq, Azərbaycan parlamenti 2020-ci ilin yaz, növbədənkənar və payız sessiyaları dövründə çox səmərəli fəaliyyət göstərib. Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlamentdə ciddi islahatlar aparılıb, deputatlar həm qanunvericilik sahəsində, həm də ölkənin ictimai-siyasi həyatında diqqətəlayiq işlər görüblər.
Hesabat dövründə İntizam komissiyası öz işini Azərbaycan qanunlarına ciddi riayət etməklə, aşkarlıq və şəffaflıq şəraitində qurub. Komissiyaya daxil olan müraciətlər diqqətlə araşdırılıb və müvafiq tədbirlər görülüb. Həmçinin ötən il hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birlikdə “Azərbaycan Respublikası Milli Məclisinin İntizam Komissiyasının Əsasnaməsi”nin layihəsi hazırlanıb. Həmin sənədin qarşıdakı yaz sessiyasında təsdiqlənəcəyi gözlənilir.
Eldar İbrahimov vurğulayıb ki, 2020-ci ilin ən mühüm hadisəsi son 17 ildə Azərbaycanı sürətlə inkişaf etdirən, ən müasir silahlarla təchiz edilmiş ordu quruculuğuna nail olan Prezident İlham Əliyevin müdrik siyasəti və rəhbərliyi ilə böyük Zəfər qazandığımız Vətən müharibəsi müharibəsi oldu. Qalib ölkənin vətəndaşı kimi həmin qələbə ilə hər bir deputat şərəf və qürur duyur.
Komissiya sədri qeyd edib ki, 44 günlük Vətən müharibəsində Milli Məclis tam tərkibdə çox böyük fəallıq göstərib. İntizam komissiyasının üzvü olan deputatlar da həqiqətin təbliği istiqamətində telekanallarda, KİV-lərdə, sosial şəbəkələrdə, beynəlxalq mediada çox fəal çıxışlar ediblər. Azərbaycan Prezidentinin həmin günlərdə xarici dövlətlərin nüfuzlu media qurumlarına verdiyi müsahibələr Azərbaycan gerçəkliyinin dünya ictimaiyyətinə çatdırılmasında, işğalçı dövlətin ifşasında misilsiz rol oynayıb.
İclasda İntizam komissiyasının ötən il ərzində gördüyü işlər barədə geniş hesabat dinlənildikdən sonra məruzə ətrafında müzakirələr başlanıb. Komissiyanın sədr müavini Fəzail Ağamalı bu hesabatı Milli Məclisin iş təcrübəsində yenilik adlandırıb. Qeyd edib ki, İntizam komissiyasının hesabatının dinlənilməsi VI çağırış Milli Məclisdə həyata keçirilən ilklərdən biridir.
Müzakirə zamanı deputatlar Hikmət Məmmədov, Səttar Möhbalıyev, Madər Musayev, Nəsib Məhəməliyev, Məlahət İbrahimqızı, Nizami Səfərov komissiyanın demokratiya, aşkarlıq və şəffaflıq şəraitində işləməyini, son bir ildəki fəaliyyətini və təqdim olunan hesabatı yüksək qiymətləndiriblər. Bildirilib ki, bundan sonra da hər bir deputat fəaliyyətində və çıxışlarında məsuliyyət hissini rəhbər tutmalı, Azərbaycanın milli maraqlarına xidmət etməlidir.
Komissiya üzvlərinin çıxışlarında bir fikir xüsusi vurğulanıb ki, Azərbaycan Prezidenti və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış qələbə Azərbaycan tarixində əbədi olaraq qalacaqdır.
Müzakirələrin yekununda İntizam komissiyasının hesabatı məqbul sayılıb.