Energetika naziri, Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Pərviz Şahbazovla İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano arasında videokonfrans formatında görüş keçirilib.
Bu barədə Teleqraf.com-a Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tərəflər Azərbaycan-İtaliya arasında ikitərəfli əməkdaşlığın gündəliyinə daxil olan məsələləri, o cümlədən işğaldan azad olunmuş ərazilərin bərpasında İtaliya şirkətləri ilə əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Görüşdə italiyalı həmsədrin ötən ilin 8-9 dekabr tarixlərində Azərbaycana səfərinin davamı olaraq, işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək bərpa və yenidənqurma işlərinə italyan şirkətlərinin cəlb edilməsi üçün bu ölkənin sahəvi assosiasiyalarının və dövlət şirkətlərinin iştirakı ilə “Web Missiya”nın təşkili, bu çərçivədə Azərbaycanın aidiyyəti qurumları ilə müzakirələrin keçirilməsi barədə fikir mübadiləsi aparılıb.
Görüş zamanı, həmçinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları, İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi məsələləri müzakirə edilib.