Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onun müsahibəni təqdim edirik:
- Aydın müəllim, Yeni Azərbaycan Partiyasının VII qurultayında struktur dəyişiklikləri ilə yanaşı, yeni bir siyasi baxış ortaya qoyuldu. Bu yenilikləri necə dəyərləndirmək olar?
- Yeni Azərbaycan Partiyasının hər qurultayı cəmiyyətdə böyük əks-səda doğurur. Partiya özünün yenilikləri, cəmiyyətə təqdim etdiyi və günün tələblərinə cavab verən inkişaf modelləri ilə seçilib. VII qurultay da istisna olmadı. Yeniliklər onu göstərdi ki, YAP yenə də cəmiyyətin diqqətindədir. Onun fəaliyyətinə cəmiyyətin böyük marağı var. Digər tərəfdən YAP bütün cəmiyyətin - ümumxalq partiyasıdır. Bütün sosial təbəqələr burada təmsil olunur. Bu, özünü partiyanın rəhbər orqanlarının strukturunda göstərdi. Eyni zamanda YAP bir daha göstərdi ki, yenilikçi partiyadır. Partiyanın rəhbər strukturlarının yenidən qurulması, onun cəmiyyət məsələlərinə verdiyi təkliflər mühüm önəm kəsb edir. Paralel olaraq YAP nümayiş etdirdi ki, o özünü dövlət partiyası kimi deyil, sıradan bir siyasi təşkilat kimi aparır. Yəni onun qəbul etdiyi qərarlar partiya qərarlarıdır. İlk növbədə partiya üzvlərini, seçkidə ona səs verənləri də bu proqramın həyata keçirilməsinə yönəldir. YAP-ın Lideri, ölkə Prezidentinin dövlətimizin bugünkü məsələlərinə, tarixə, gələcəyə dair fikirləri göstərdi ki, ölkə və o cümlədən partiya inamlı əllərdədir. Partiya və onun Lideri cəmiyyətin problemlərini, onun nəbzini tutmağı bilir. Eyni zamanda problemlərin həllinə də öz təkfilərini verir. Əgər 2021-ci ilə qədər cəmiyyətin 1 nömrəli məsələsi işğala son qoyulması idisə, böyük Zəfərdən sonra əsas məsələ həmin torpaqlara böyük köç üçün hazırlığın aparılmasıdır. Yenə də regionların inkişafı, yeni texnologiyaların Azərbaycana gətirilməsi və beynəlxalq birlikdə ölkəmizin sülhməramlı, demokratik, müasir tarixi köklərinə bağlı olan imicinin daha da möhkəmləndirilməsi prioritet olaraq qəbul edilib.
- Son qurultay eyni zamanda bir sıra siyasi partiyaların YAP-a birləşməsi ilə də yadda qaldı...
- Siyasi partiyaların bir dərnək kimi fəaliyyət göstəməsini və yaxud digər istimatlərdə işlərini özləri müəyyələşdirir. Bu, cəmiyyətin sosial sifarişindən asılıdır. Bu gün cəmiyyət YAP-ın daha da güclənməsində maraqlı oldu. Həmin o 6 siyasi partiya öz tərəfdarları ilə YAP-ın sıralarına qoşuldu. Bu bir nümunədir. Bununla belə digər partiyaların biləşib-birləşməməsi onların öz ixtiyarında olan məsələdir. Ən əsası odur ki, cəmiyyət bu gün bir olmaqda maraqlıdır. Məqsəd partiyaların sayının azaldılması deyil. Əsas hədəf onların öz məramlarına uyğun olaraq fəaliyyət göstərməsində, ümummilli məsələlərdə çəkici bir hədəfə vurmaqdır. Ümummilli məsələlərin, dövlət maraqlarının, vətəndaş hüquqlarını qorunması, həyat şəraitinin yaxşılaşdırılmasında partiyaların bir xətlə çıxış etməsi vacibdir. 6 siyasi partiyanın YAP-a birləşməsi də bu məsələ istiqamətində bir çağırış oldu.
- Partiyaların daha aktiv formada fəaliyyəti üçün mojaritar seçki sisteminin əngəl olduğu və proporsional sistemə keçidin vacibliyi vurğulanır. Proporsional seçki sisteminə keçid siyasi sferada hansı dəyişikliyə səbəb olar?
- Partiyaların güclənməsi, hər hansı partiya sisteminin mövcudluğu ilə bağlı deyil. Bu cəmiyyətin sifarişindən asılıdır. YAP ona olan etimadı doğruldur deyə seçkilərdə qalib gəlir. Müxalif partiyaların böyüməsində, güclənməsində cəmiyyət maraqlı deyil. Çünki indiki iqtidarı kimə dəyişəcək? Və nəyə görə dəyişməlidir? - suallarını cəmiyyət özünə verir. Cavabını da sözsüz olaraq YAP-a səs verməkdə görür. Əksinə mojaritar sistem proporsional sistemdən daha aktivdir. Proporsional sitemdə seçilən deputat konkret seçiciyə bağlı deyil və bir regionun məsələlərini qaldırmır. Seçici ondan tələb edə bilmir. Mojaritar sistemdə isə konkret bölgədən seçilir və seçici görülən işin hesabatını istəyir. Eyni zamanda etimaddan imtina edir. Bu yanaşma proporsional sistemdə mövcud deyil. Partiyalar seçki sisteminin dəyişilməsindənsə cəmiyyətdə daha çox nüfuz qazanmağa yeni baxış axtarmalıdır. Əgər köhnə təfəkkürlə yanaşırlarsa, kabinetlərdən çıxmırlarsa, cəmiyyətin istəyini, narahat edən məsələlərin həllinə təkliflərini verə bilmirlərsə, bu zaman seçki sisteminin hansının olmasının bir əhəmiyyəti olmur.