“Metsamor” Atom Elektrik Stansiyasının (AES) istər Cənubi Qafqaz regionu, istərsə də qonşu ölkələr üçün ən böyük təhdidlərdən biri olduğunu söyləsək, zənnimcə səhv etmiş olmarıq. Bu təhdidin çoxlu çalarları var.
Bunu Teleqraf.com-a açıqlamasında “Qafqaz Tarixi Mərkəzi” İctimai Birliyinin sədri, ehtiyatda olan kapitan Rizvan Hüseynov bildirib.
O deyib ki, birincisi, “Metsamor” AES yüksək seysmik ərazidə yerləşir:
“Bilirsiniz ki, 1988-ci ildə Spitak şəhərində 25 min nəfərdən çox insanın ölümünə səbəb olan dağıdıcı zəlzələdən sonra “Metsamor”un fəaliyyəti dayandırılmışdı. Sonra isə onun fəaliyyəti yenidən bərpa olundu. Hazırda “Metsamor” iki və ya üç istiqamətdən təhdid törətməkdədir. Birincisi, köhnəlib. Yəni, bu AES 1976-cı ildə istifadəyə verilib və artıq 45 ildir ki, istifadə olunur. “Metsamor” AES bütün parametrlərinə görə, çoxdan bağlanmalı idi. Onun istər reaktorlarının, istərsə də texniki təchizatının istifadə müddəti bitib. Bu reaktorlar dəyişilməli idi. Bunu etməli idilər. Ermənistanın buna potensialı yoxdur. Rusiyanın atom enerjisi üzrə dövlət korporasiyası – “Rosatom” və digər tərəfdaşlar isə bu işi görmədilər. Ermənistanın bu işi görmək üçün Avropadan dəstək axtarışları faydasız qaldı. Nəticə etibarilə biz dəfələrlə görürük ki, Ermənsitanda müxtəlif adamlar Azərbaycanı təhdid edirlər. Onlar deyirlər ki, biz “Metsamor”dan əldə olunan radioaktiv tullantılardan çirkli bomba hazırlaya və Azərbaycana qarşı istifadə edə bilərik”.
Rizvan Hüseynovun sözlərinə görə, digər istiqamət isə ondan ibarətdir ki, illər boyu Ermənistan hakimiyyətində olan yüksək vəzifəli məsul şəxslər “Metsamor”da istifadə olunmuş radioaktiv tullantıları “qara bazar”a çıxarıb satırlar:
“Əvvəla, bu radioaktiv qalıqlar sözün əsl mənasında heç də tullantı deyil. Bunlar çox bahalı, zənginləşdirilmiş maddələrdir. Bütün dünyada bunun adına tullantı deyirlər, amma bu tullantıların böyük hissəsi istər nüvə texnologiyaları, istər nüvə silahı, istərsə də başqa məqsədlər üçün yararlıdır. Ermənistan hakimiyyətinə yaxın şəxslərin istər Gürcüstan, istərsə də İran ərazisindən vasitə kimi istifadə edərək bu tullantıları “qara bazar”a çıxarıb satmasına dair dəfələrlə məlumat yayılıb. Birincisi, bunun özü elə təhlükədir. Bunun nəql olunması zamanı böyük fəlakət baş verə bilər. Bu fəlakətə görə kim məsuliyyət daşıyacaq? Gürcüstan ərazisində belə bir fəlakət baş versə, təkcə Gürcüstan yox, ətraf ölkələrin də ərazisi və əhalisi üçün problemlər yaşana bilər. Məgər Ermənistan hakimiyyətində bunu bilmirmi? Bilirlər, amma qanunlara məhəl qoymurlar. Bunlar üçün nüvə reaktorundan çıxan tullantılar sanki bir ton “salyarka”dır, yaxud neftdir, benzindir. Yəni, bu anlayışla yanaşırlar. Bunlar dərinliyinə varmırlar ki, bu oğurlayıb satdıqları maddə dünyanın ən təhlükəli maddələrindən biridir. Ona görə də bu daim davam edir”.
Rizvan Hüseynov qeyd edib ki, dünyada bu məsələ üzrə məsul qurumlar – Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi, digər beynəlxalq təşkilatlar var:
“Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdən heç bir səs çıxmır. Arada Avropa qurumlarından bir səs çıxır. Bundan əlavə bir iş görülmür. Sözsüz ki, bu kimi hallar bütövlükdə region üçün böyük təhdiddir. Azərbaycanın bütün bu faktları toplayıb Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə və digər beynəlxalq təşkilatlara müraciət etməsi çox yaxşı olardı. Zənnimcə, ərazisi Ermənistana və “Metsamor” AES-ə çox yaxın olan Türkiyə də bu müraciətə qoşula bilər. Bundan sonra Ermənistana qarşı bu istiqamətdə praktiki fəaliyyətdən danışmaq olar”.
Qeyd edək ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Kutaisi şəhərində Ameritsi-241 radioaktiv maddəsini qanunsuz olaraq satmağa cəhd göstərən iki nəfəri saxlayıblar. Gürcüstan DTX-nın yaydığı məlumata görə, bu şəxslər saxlanıldıqları zaman radioaktiv maddəni 300 min avroya satmağı planlaşdırırdılar. Konteynerdə aşkar olunan maddənin şüalanma dərəcəsini nəzərə aldıqda onunla uzun müddət birbaşa təmasın insan sağlamlığı üçün təhlükəli olduğu müəyyən edilib. Onları 5 ildən 10 ilədək həbs cəzası gözləyir.
Gürcüstanda son aylarda azı 5 bu cür hadisə aşkarlanıb. Ələ keçirilən nüvə materiallarının ekspertizası göstərir ki, onların hamısının mənşəyi Ermənistandır. Beləliklə, radioaktiv materialların və radioaktiv tullantıların sızması və qanunsuz istifadəsi Ermənistan Respublikasında adi hala çevrilir. Və bu hallar Ermənistan tərəfinin “Metsamor” AES-də nüvə materialları və radioaktiv tullantılarla işin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin “tam nəzarəti altında” olduğunu iddia etməsi fonunda baş verir.