17 May 2021 19:25
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Gürcüstandakı səfirliyi Dmanisi hadisələri ilə bağlı bəyanat yayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə diplomatik nümayəndəlikdən məlumat verilib.

Bəyanatda bildirilib ki, 16 may 2021-ci il tarixində Dmanisi şəhərində yerləşən azərbaycanlılara məxsus “Ömər” marketə edilən kütləvi basqın və onun ətrafında yaranan toqquşma hadisəsinə səfirlik tərəfindən dərhal reaksiya göstərilib: “Səfirliyin əməkdaşları hadisə yerinə baş çəkmiş, vəziyyətlə tanış olub və Gürcüstan hüquq-mühafizə orqanlarının, eləcə də yerli hakimiyyətin nümayəndələri ilə əlaqə yaradıblar. Baş vermiş insidentlə bağlı Gürcüstan qanunvericiliyi çərçivəsində zəruri tədbirlər görülməkdədir”.

Qeyd olunub ki, baş vermiş xoşagəlməz hadisəyə siyasi don geyindirmək, onu etnik zəmində qarşıdurma kimi qələmə vermək strateji tərəfdaşlıq səviyyəsində inkişaf edən Azərbaycan-Gürcüstan münasibətlərinin ruhuna uyğun gəlmir. Səfirlik soydaşları hər hansı təxribatlara uymamağa, siyasi yetkinliyi və məsuliyyəti nümayiş etdirməyə çağırır.

“Baş verən insidentə sırf hüquqi müstəvidə qiymət verilməli və təqsirkar bilinən şəxslər fərdi qaydada Gürcüstan qanunvericiliyinə əsasən cəzalarını almalıdırlar. Bu xoşagəlməz hadisənin hər hansı mənfi fəsadlarının qarşısını almaq məqsədilə, səfirlik tərəfindən Gürcüstanın aidiyyəti qurumları ilə daimi təmaslar davam etdiriləcəkdir”, - bəyanatda deyilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər