Xəbər verdiyimiz kimi, Medianın İnkişafı Agentliyi həm onlayn, həm də çap mediasına dəstək layihəsi elan edib. Bu qərarla ilk dəfə onlayn media subyektləri üçün dəstək layihəsi həyata keçirilir. Agentlik tərəfindən maliyyələşdirilən onlayn media subyektlərinin (veb-saytların) hər birinə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstərilməsi nəzərdə tutulur.
Agentlik çap mediası subyektləri üçün tiraj, abunə və satış tələbini aşağı salıb, həmçinin maliyyələşdirilən hər nömrədə müvafiq sahələrdən hər hansı biri üzrə ən azı 500 (beş yüz) sözdən ibarət məqalə dərc etmək kimi güzəştlər tanıyıb. Maliyyə yardımı göstərilən dövr ərzində qəzetin hər bir nömrəsi üzrə yalnız fiziki şəxslərdən ibarət əlavə 500 (beş yüz) abunə təmin olunduğu halda 200 (iki yüz) manat, əlavə 1000 (bir min) abunə təmin olunduğu halda isə 400 (dörd yüz) manat məbləğində bonusun verilməsi nəzərdə tutulur.
Müsabiqədə qalib elan olunan hər bir qəzet redaksiyasının eyniadlı veb-saytına da 3000 manat məbləğində maliyyə yardımının göstərilməsi planlaşdırılır.
Jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli Teleqraf.com-a bildirib ki, Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqədə əsas yenilik veb-saytlara maliyyə yardımının ayrılmasından ibarətdir: “Onlayn mediaya maliyyə yardımın ayrılması barədə əvvəllər də müzakirələr olub. Bir qism saytların maliyyələşməsinin əleyhinə idi, bir qism də bunu istəyirdi. Təbii ki, saytlar bu yardımı almaq intizarındadır və bu müsabiqədə iştirak edəcəklər. Hesab edirəm ki, qeyri-adi heç nə baş vermir. Düşüncəmə görə, bu dəfə onlayn mediaya göstərilən yardım çap mediasına göstərilən dəstəyin bir başqa formasıdır.
Bir vaxtlar qəzetlər KİVDF-dən pul almaq üçün Fondun şərtlərini qəbul edirdilər. Bu dəfə saytlar bu zəncirin həlqəsinə qoşulur və dövlətdən dəstək almaq üçün həmin müsabiqədə iştirak edir. Bunun yaxşı cəhəti odur ki, onlayn media da dövlətdən yardım almağa başlayacaq. Pis cəhəti odur ki, KİVDF-nin ayırdığı yardımlar qəzetləri hansı səviyyədə saxladısa, yardım alan saytlar da bundan sonra həmin vəziyyətdə olacaq”.
Mütəxəssisin fikrincə, müsabiqənin şərtləri çox konkretdir və bir qədər də ağırdır: “Məsələn, KİV gün ərzində 20 orijinal xəbər tapıb verməlidir. İndiki şəraitdə bu, mənə çətin görünür. Çətin görünən tərəf odur ki, bu məlumatlar orijinal olmalıdır. Yəni, dövlət qurumlarına, agentliklərə, başqa saytlara istinadən yox, yalnız saytın öz istehsalı olan məlumatlardan söhbət gedir. Bunu indiki şəraitdə etmək çox çətindir. Çünki indi informasiya mənbələrinə çıxış əvvəlkilərdən çox-çox çətindir. Xüsusən dövlət qurumları mediaya məlumat verməyə çox meylli deyillər. Onlar yalnız özlərinə lazım olan, daha çox piar xarakterli informasiyaların yayılmasını istəyirlər”.
Professor media camesində yayılan Medianın İnkişafı Agentliyinin fəaliyyətinin yalnız qəzetlərə maliyyə vəsaiti ayırmaqdan ibarət olması fikrinə də münasibət bildirib: “MEDİA anlayışı təkcə yazılı medianı yox, həm də onlayn medianı ifadə edir. Buna görə də pul ayırmaq qərarı verilib. Maliyyə ayrılmasının müsbət tərəfi odur ki, qurumlar dövlət büdcəsindən pul alıb öz fəaliyyətlərini qura bilirlər. Amma burada diqqət yetirməli məsələlərdən bir budur ki, həmin maliyyə o saytların müstəqilliyini qoruyub saxlamağa imkan verəcəkmi? Doğrudanmı onlar əvvəlki müstəqilliklərini saxlayacaq? Yoxsa maliyyə alandan sonra “daha intizamlı” olacaqlar? Bax bunlar mənim üçün ciddi sual doğurur”.
Əməkdar jurnalist Elçin Mirzəbəyli isə hesab edir ki, Medianın İnkişafı Agentliyinin çap mediası subyektləri ilə bağlı son müsabiqə elanı bu sahədə gözlənilən islahatların sistemli şəkildə davam etdiriləcəyinə əminlik yaradır: “Təəssüf ki, bir çox cəmiyyətlərdə, xüsusilə də SSRİ kimi totalitar idarəçilik sisteminin “şinelindən” çıxan ölkələrdə islahat anlayışı köhnənin məhv edilməsi və onun xarabalıqları üzərindən, əksər hallarda konseptual əsaslara malik olmayan, xaotik cizgilər toplusundan ibarət “yeni”sinin yaradılması kimi qəbul edilir.
Neobolşevik təfəkkürdən qaynaqlanan bu “proletkultçu” yanaşmaya görə dünya iki rəngdən – ağ və qaradan ibarətdir. “Köhnə”, hansı əsaslar üzərində dayandığından və hansı inkişaf mərhələlərindən keçməsindən asılı olmayaraq qara, “yeni” isə, bütün hallarda ağappaq, qar kimidir. Məhz bu yanaşma, şərti olaraq postsosialist məkan (keçmiş SSRİ respublikaları və Varşava Müqaviləsi ölkələri) adlandırdığımız ərazidə yerləşən dövlətlərin əksəriyyətində islahatların həyata keçirilməsinə və effektiv nəticələrə gətirib çıxarmasına ciddi maneə yaradan əsas amil kimi dəyərləndirilə bilər.
1990-ci illərin əvvəllərində Rusiyada, daha sonra isə Polşa və digər postsosialist ölkələrində “şok terapiyası” adı altında həyata keçirilən islahatların daha acınacaqlı nəticələrə gətirib çıxarması da bunu sübuta yetirir. Radikalizm, antikonstruktivizim, dağıdıcı və birqütblü düşüncə, hədəfindən asılı olmayaraq bütün digər istiqamətlərdə olduğu kimi, islahat prosesi üçün də ziyanlıdır və bəzən, bütövlükdə “islahat” anlayışının gözdən düşməsinə gətirib çıxarır ki, bu da inkişafın qarşısını alan əsas amillərdəndir.
Mahiyyət etibarilə mətləbə müəyyən qədər geniş müstəvidən yol alsam da, media sektoru da daxil olmaqla, ölkəmizdə islahatların “iki rəng” üzərindən deyil, bütün “rənglər” və “çalarlar” nəzərə alınmaqla həyata keçirilməsinin, prosesə yaradıcı yanaşmanın ön plana çıxmasının daha doğru və nəticəyönlü olduğunu düşünürəm”.
Elçin Mirzəbəyli Medianın İnkişafı Agentliyinin son müsabiqəsində yer alan qaydaları media sektorunda həyata keçirilən islahatların davamı və islahatların yeni mərhələsinə hazırlıq kimi dəyərləndirir: “Müsabiqə qaydalarında nəzərəçarpan ən mühüm dəyişiklik qəzetlərin kateqoriyaya bölünməsi kimi aşağılayıcı və nəinki ölkəmizdəki siyasi sistemin mahiyyətinə, bütövlükdə Azərbaycan xalqının mədəniyyətinə uyğun gəlməyən yanaşmanın aradan qaldırılmasıdır.
Digər önəmli məqam isə birdəfəlik tirajın 1500 nüsxəyədək azaldılmasıdır. Bu, ilk növbədə qəzetlərin müəyyən zaman kəsiyində olsa da, öz resurslarını keyfiyyət dəyişikliklərinə yönəltmələrinə imkan verəcək, rəqabət üçün bərabər imkanlar yaradacaq.
Müsabiqənin şərtlərinə uyğun olaraq, müvafiq istiqamətlər üzrə yazılması və dərci nəzərdə tutulan yazılar üçün söz sayının yarıbayarı azaldılması, kəmiyyətin deyil, keyfiyyətin əsas götürüləcəyinə imkan verəcək ki, bu da redaksiyalarda yaradıcı mühitin formalaşması baxımından mühüm əhəmiyyətə malikdir.
Digər bir önəmli məqam, qəzetlərə 19 sahənin hər biri üzrə məqalələrin yazılması baxımından sərbəstliyin verilməsidir. Bu da şübhəsiz ki, mövzu rəngarəngliyinə imkan verəcək, yeknəsəqliyi, təkrarçılığı aradan qaldıracaq, ayrı-ayrı istiqamətlər üzrə məqalələrin konkret zaman kəsiyində, baş verən hadisələrin ritminə və mahiyyətinə, oxucu sifarişinə uyğun olaraq təqdim olunmasına şərait yaradacaq.
Qəzet redaksiyasının yaradıcı heyətinin ən azı beş nəfərdən ibarət olunması şərtinin də, kifayət qədər obyektiv və neqativ amillərin aradan qaldırılmasına xidmət edən bir yanaşma olduğu qənaətindəyəm”.
Ekspert deyir ki, müsabiqə qaydalarında nəzərə çarpan və çoxdan arzuladığı məqamın qəzet redaksiyalarının eyniadlı veb-saytına maliyyə yardımının göstərilməsinin nəzərdə tutulmasıdır: “Qəzetlərin eyniadlı saytlarının yenidən yaradılması üçün nəzərdə tutulan maliyyə dəstəyinin də bütövlükdə medianın simasının dəyişəcəyinə xidmət edəcəyini düşünürəm.
Qeyd edim ki, hazırda baş redaktoru olduğum “Xalq cəbhəsi” media qrupunun tərkibində iki veb-sayt (xalqcebhesi.az və baymedia.az), bir multimedia studiyası fəaliyyət göstərir. Bu studiyada hazırlanan videomateriallar “AXCTV” adı altına, “YouTube” üzərindən yayımlanır. Yaxın günlərdə “Xalq cəbhəsi” media qrupuna daxil olan daha bir sayt – “axctv.az” fəaliyyətə başlayacaq və redaksiyada hazırlanan videoxəbər, videoreportaj və digər videokontentlər məhz bu vebsayt üzərindən yayımlanacaq.
Beləliklə, kənar və subyektiv təsirlərdən, məhdudiyyətlərdən azad, müstəqil, həm də daha təhlükəsiz bir şəkildə yolumuza davam edəcəyik.
Bütün bunları vurğulamaqda məqsədim redaksiyamızın gördüyü işləri təbliğ etmək, görəcəklərimizin isə anonsunu vermək deyil, həyata keçirilən islahatların bizim üçün açacağı “nəfəsliyin” nə qədər həyati əhəmiyyət kəsb etdiyini vurğulamaqdır. Kimsə sevinməsin. “Düşdü bütün qəzetlər qiymətdən ay can, ay can” deyib, Mirzə Ələkbər Sabirin satirik misralarının gerçəkləşə biləcəyi ehtimalından xoşbəxt olmasın. Nə qəzetlər qiymətdən düşəcək, nə də əlahəzrət söz”.