9 İyun 2021 15:25
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəlbəcərin Susuzluq kəndi ərazisində 3 nəfərin minaya düşərək şəhid olması ilə bağlı Baş Prokurorluq və Dövlət Təhlükəsizlik Xidməti rəsmi açıqlama verib. Minanın hansı şəraitdə həmin əraziyə basdırılması və təxribatın miqyası tam aydınlaşıb. Bu günlərdə erməni polkovnik də bu əraziləri tərk edərkən 17 maşın mina basdırdıqlarını etiraf edib. Erməni polkovnikin səsləndirdiyi bu fikir məsələnin mahiyətini bir daha ortaya qoyur.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O bildirib ki, erməni tərəfi minalanmış ərazilərin xəritəsini təqdim etməkdən müxtəlif bəhanələrlə boyun qaçırır:

“Eyni zamanda Ermənistan tərəfinin təqdim edəcəyi xəritələrə də tam etibar etmək olmaz. Çünki xalqımız erməni məkrini, hiyləsini, xislətini hər zaman görüb. Onların məqsədi mümkün qədər azərbaycanlıların həmin ərazilərdə məskunlaşmasına mane olmaqdır. Daha çox azərbaycanlının ölümünə və zərər görməsinə səbəb olacaq bu bəd niyyətə qarşı biz daha diqqətli olmalıyıq”.

Millət vəkili qeyd edib ki, bu gün Azərbaycanın öz qanuni, suveren haqqlarını təmin etməyə çalışdığı bir vaxtda bir sıra beynəlxalq təşkilatlar ölkəmizə qarşı ittihamlarla çıxış edir:

“Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazisi var. Ölkəmiz BMT-yə və digər beynəlxalq təşkilatların üzvlüyünə məhz bu ərazi konteksində daxil olub. Yəni, beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü qəbul edib. Amma 30 ilə yaxın erməni işğalına məruz qalan Azərbaycan sərhədlərinin yenidən bərpası bu gün bir çoxlarının narahatlığına səbəb olub. Nədənsə, Avropa Parlamenti və digər qurumlar Azərbaycanın öz qanuni sərhədlərini bərpa etməsini guya Ermənistanın sərhədlərinin pozulması kimi qələmə verirlər”.

Elman Məmmədov hesab edir, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yeni bir reallıq yaranıb və region dövlətləri də bu zərurəti qəbul edib:

“Azərbaycanın heç bir qonşu dövlətin ərazisində gözü yoxdur. Ölkəmiz ancaq özünə məxsus ərazilərin bərpasını həyata keçirir. Ortada sovet dövrünə aid ciddi xəritələr var. Sadəcə Ermənistanda və bəzi ona havadarlıq edən təşkilatlarda yeni reallığa qarşı bir səlib yürüşü var. Amma bütün bunların heç bir əhəmiyyəti yoxdur. Azərbaycan öz ərazisində sərhəd xidmətini tam şəkildə təmin edir və bu istiqamətdə atılan addımlara heç kimsə əngəl yarada bilməyəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər