26 İyun 2021 14:39
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin yeni istifadəyə verilən hərbi şəhərciyində və Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularının ailələri üçün nəzərdə tutulmuş xidməti mənzillərdə yaradılan şəraitlə tanış olub.

Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyev əvvəlcə N saylı hərbi hissəsinin hərbi şəhərciyində yaradılan şəraitlə tanış olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Hərbi şəhərcikdə görülən işlər barədə məlumat verən müdafiə naziri Zakir Həsənov deyib ki, burada inşa olunan qərargah binasında hərbi hissə komandanlığının fəaliyyətinin yüksək səviyyədə təmin olunması üçün bütün şərait yaradılıb. Ərazidə klub da fəaliyyət göstərəcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə hərbi quruculuq sahəsində aparılan islahatlar, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər sırasında yeni hərbi hissə və hərbi şəhərciklərin yaradılması, mövcud olanların isə əsaslı şəkildə yenidən qurulması da xüsusi yer tutur. İndiyədək istər paytaxtda, istərsə də bölgələrdə yerləşən hərbi hissələr müasir səviyyədə yenidən qurulub, yeni hərbi hissə və şəhərciklər salınıb. Bu isə ordu quruculuğu sahəsinə dövlət səviyyəsində göstərilən diqqətin təzahürü olmaqla yanaşı, həm də hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılmasında və onların döyüş qabiliyyətinin artırılmasında müstəsna əhəmiyyət daşıyır.

Şübhəsiz ki, ordumuzun əsas dayaq nöqtəsi əsgər və zabitlərimizin yüksək döyüş hazırlığı, peşəkarlığı və qələbə əzmidir. Vətən müharibəsi ordumuzun tarixi torpaqlarımızın işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu göstərdi. Təsadüfi deyil ki, bu gün Azərbaycan əsgərinin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq dünyanın nüfuzlu ali hərbi məktəblərində nümunə kimi göstərilir.

Prezident, Ali Baş Komandan İlham Əliyev döyüş növbətçiliyində olan S-300 PMU-2 “Favorit” Zenit Raket Komplekslərinin start mövqeyinə gəlib.

Azərbaycan Ordusunun müasir hərbi texnika, silah-sursatla təminatı daim Ali Baş komandanın diqqət mərkəzində olub. Vətən müharibəsi də sübut etdi ki, Azərbaycan dövlətinin ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, silahlanmaya yeni, müasir silah növlərinin, hərbi texnikanın daxil edilməsi istiqamətində atdığı addımlar müdrik və uzaqgörən siyasətin nəticəsidir. İndi Silahlı Qüvvələrimiz beynəlxalq hərbi tədqiqat mərkəzlərinin hesabatlarında dünyanın ən güclü ordularından biri kimi qiymətləndirilir.

Prezident, Ali Baş Komandan İlham Əliyevə yeni və müasir avadanlıqla təchiz edilmiş mobil Komanda Məntəqəsi barədə də məlumat verilib.

Bildirilib ki, məntəqə müxtəlif növ zenit-raket komplekslərinin, radiolakasiya vasitələrinin, radio-texniki kəşfiyyatın, radio-elektron mübarizə vasitələrinin, kəşfiyyat və zərbə pilotsuz uçuş aparatlarının, ordu, qırıcı və hücum aviasiyasının eyni vaxtda idarə olunmasını təmin edir. Vətən müharibəsində aparılan döyüşlərin təcrübəsi nəzərə alınmaqla qurulan Komanda Məntəqəsinin texniki imkanları XXI əsr müharibələrinin tələblərinə tam cavab verir.

Sonra Ali Baş Komandana Hərbi Hava Qüvvələrinin bir sıra hərbi texnikası barədə məlumat verilib.

Daha sonra Prezident İlham Əliyev Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularının ailələri üçün nəzərdə tutulmuş yeni xidməti mənzillərdə yaradılan şəraitlə tanış olub.

Müdafiə naziri Zakir Həsənov dövlətimizin başçısına mənzillərdə yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, Hərbi Hava Qüvvələrinin zabit və gizirləri üçün nəzərdə tutulmuş yeni hərbi şəhərcik iki binada 48 xidməti mənzildən ibarətdir. Bütün mənzillərdə hərbi qulluqçularımızın ailələri ilə birlikdə rahat yaşaması üçün hər cür şərait yaradılıb. Bu da deməyə əsas verir ki, hərbçilərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların yeni evlərlə təmin edilməsi Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi nəzarətindədir.

Qeyd edək ki, Azərbaycan Ordusunun şəxsi heyətinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Bu məqsədlə son illərdə paytaxtda və bölgələrdə xidməti yaşayış evləri tikilib, Prezidentin Ehtiyat Fondundan bu məqsədlə xeyli vəsait ayrılıb. Bu isə dünya praktikasında çox nadir hallarda müşahidə olunan mənzərədir. Burada da Azərbaycan ön sıralardadır və yeniliklər göstərir. Prezident İlham Əliyevin bir qrup hərbi qulluqçuya təqdim olunacaq yeni mənzillərdə yaradılan şəraitlə yerindəcə tanışlığı bu siyasətin real təzahürü olmaqla, əlamətdar gündə onlara bəxş edilən ən gözəl hədiyyədir.

Həyatını Vətəni qorumaq kimi şərəfli vəzifəyə həsr edən hərbçilərimizə dövlət qayğısına onların rütbə və vəzifə maaşlarının artırılması, çoxsaylı güzəştlərin tətbiq olunması da daxildir. Bütün bunlar ordunun mənəvi-fiziki hazırlığını ən yüksək səviyyəyə qaldırmağa imkan verib. Çünki ordumuz müstəqilliyimizin və ərazi bütövlüyümüzün qarantıdır. Onun gücü öz xalqına və dövlətinə sədaqətdə, Vətən sevgisində təcəssüm tapıb.

* * *

12:41

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin yeni istifadəyə verilən hərbi şəhərciyində və Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularının ailələri üçün nəzərdə tutulmuş xidməti mənzillərdə yaradılan şəraitlə tanış olub.

Teleqraf.com-un xəbərinə görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə raport verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər