Azərbaycanda casusluqda, qanunsuz silahlı birləşmə yaratmaqda və dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunan Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutun iclasda təqsirləndirilən şəxslərin vəkilləri müdafiə nitqi ilə çıxış ediblər.
Daha sonra təqsirləndirilən şəxslər son söz deyiblər. Onlar bağışlanmalarını istəyiblər.
Sujyan Gevorg Rubenoviç istintaqı aparanlara öz təşəkkürünü bildirib. Deyib ki, ona yaxşı münasibət bəsləyiblər. O, məhkəməyə də təşəkkürünü bildirib.
Təqsirləndirilən şəxslər son sözü deyəndən sonra hakimlər hökm qəbul etmək üçün müşavirəyə yollanıblar. Müşavirədən qayıdan hakimlər hökmü elan ediblər.
Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər biri 15 il müddətinə azadlıqdan mərhum ediliblər.
Təqsirləndirilən şəxslərin cəzaları başa çatdırdıqdan sonra Azərbaycan hüdudlarından kənara məcburi qaydada çıxarılması barədə hökm edilib.