27 May 2022 10:02
1 312
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Paşinyan sülh müqaviləsini imzalamağı uzatsa, prosesi yerindən tərpətməsə, Azərbaycan Ermənistana vaxt verməməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Fərhad Mehdiyev deyib.

Ekspert Ermənistandakı son gəlişmələrə diqqət çəkib:

“Space-X” şirkəti mayın 15-də ABŞ-ın Florida ştatından Ermənistan üçün kosmosa peyk fırladıb. Peyk dünyanın orbitinin aşağı qatlarında yerləşdirilib. Peyki İspaniyanın “Satlantis” şirkəti hazırlayıb. Maraq üçün araşdırıb baxdım ki, “Satlantis” müşahidə peykləri hazırlayır. Yəni Ermənistan artıq bizim ərazimizi müşahidə edə biləcək. Ancaq hansı dəqiqliklə?

Araşdırmalarımı bir az da davam etdim, bəlli oldu ki, “Satlantis”in kameraları 1 metrə qədər olan obyektləri müəyyən edə bilir. Yəni hərbi texnikanı görüb, dəqiq yerini müəyyən edə biləcək. Elektron proqram vasitəsilə, kameraların tanıma sistemi də var.

Belə bir vəziyyətdə, əgər Paşinyan sülh müqaviləsini imzalamağı uzatsa, prosesi yerindən tərpətməsə, Azərbaycan Ermənistana vaxt verməməlidir ki, o öz ərazisində və öz nəzarətində “peyk nəzarət mərkəzi”ni qurub “real-taym”da məlumat ala bilsin.

Fərhad Mehdiyev bildirib ki, hərbi əməliyyat keçiriləcəksə, vaxt itirilmədən keçirilməlidir:

“Hər nə qədər ermənilərin zərbə dronları olmasa da, əllərində peyk görüntüsü ilə hesablanan dəqiq koordinat olduqdan sonra haubitsalarla məhdud məsafədə, raketlər vasitəsi ilə daha uzaq məsafəyə dəqiq zərbələr endirmək imkanı əldə edə bilərlər. Ola bilsin ki, ermənilərin tələsməyə yeri olmasın, amma biz dəqiq tələsməliyik”.


Müəllif: Mənsur Rəğbətoğlu