3 Dekabr 2014 23:36
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 3-də Tehranda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin informasiya nazirlərinin 10-cu iclası öz işinə başlayıb. “Sülh və sabitlik uğrunda medianın inteqrasiyası” mövzusuna həsr olunan tədbirdə 57 dövlətin rəsmi nümayəndələri iştirak edir.

Teleqraf.com məlumat verir ki, iclası açan İran İslam Respublikasının mədəniyyət və islam oriyentasiyası naziri Əli Cənnəti bildirdi ki, müasir dünyada baş verən hadisələrin obyektiv şəkildə işıqlandırılması üçün təşkilata üzv ölkələrin informasiya strukturlarının əməkdaşlığı və informasiya mübadiləsi zəruridir. Bu əməkdaşlıq qərəzli məlumatların yayılmasının qarşısını ala bilər.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni rəhbərlik etdiyi qurumun informasiya sahəsində gördüyü işlər haqqında məlumat verdi. İran İslam Respublikasının birinci vitse-prezidenti İshaq Cahangiri Prezident Həsən Ruhaninin salamlarını tədbir iştirakçılarına çatdıraraq qeyd etdi ki, İran hökuməti həmişə müxtəlif informasiya vasitələri ilə qərəzli məlumatların yayılmasının əleyhinə olub və bu cür tədbirlərin keçirilməsini dəstəkləyib.

İclasda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov belə bir mövzuda beynəlxalq tədbirin təşkil olunmasında göstərdiyi səylərə görə İran İslam Respublikasının rəhbərliyinə təşəkkürünü bildirdi. Əli Həsənov dedi ki, beynəlxalq münasibətlər sistemində xüsusi çəkiyə malik olan İslam Əməkdaşlıq Təşkilatı müsəlman ölkələrinin uğurlu birlik modeli kimi artıq özünü təsdiq edib, üzv dövlətlər arasında qarşılıqlı faydalı əlaqələrin, siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişlənməsinə, İslam həmrəyliyinin güclənməsinə və xalqlarımızın mənafelərinin qorunması işinə mühüm töhfələr verib.

Təşkilat həm də ölkələrimizi narahat edən mürəkkəb qlobal və geosiyasi prosesləri, mövcud problemləri müzakirə etmək, çıxış yolları axtarmaq, müşahidə olunan təhdid və təzyiqlərə qarşı vahid mövqe formalaşdırmaq üçün olduqca vacib platformadır. Təqdirəlayiq hal kimi qeyd edilməlidir ki, bu sahədə kifayət qədər böyük təcrübə toplanıb.

Qlobal siyasi proseslər barədə danışan şöbə müdiri bildirdi ki, hazırda dünyada, o cümlədən bir çox müsəlman ölkəsində sabitliyə zərbə vuran müxtəlif neqativ proseslər, digər tərəfdən isə barışığı, sülh və əmin-amanlığı təcəssüm etdirən İslam dini haqqında yanlış rəy formalaşdırmaq cəhdləri bizi narahat etməyə bilməz. Bütün ərəb dünyasını sarsıdan siyasi hadisələr, o cümlədən Fələstin xalqının milli müstəqillik uğrunda mübarizəsi, Suriyada hərbi əməliyyatlar, Ermənistanın Azərbaycana hərbi təcavüzü və Dağlıq Qarabağ münaqişəsi, digər bu kimi problemlər İslam aləmində davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına, stabil inkişafa maneə yaradan, habelə səylərimizin vahid məqsəd uğrunda səfərbər edilməsini zərurətə çevirən ciddi faktorlardır.

Əli Həsənov təəssüflə qeyd etdi ki, Qərbin islamofob dairələri və transmilli mediası müsəlman dünyasında baş verən hadisələri, prosesləri birtərəfli və əsasən qərəzli formada təqdim edirlər. Nəticə etibarilə həm maddi və mənəvi zənginliyi ilə seçilən müsəlman ölkələri, həm də sülh və barışıq dini olan İslam dini haqqında beynəlxalq ictimaiyyətdə qeyri-obyektiv və yanlış təsəvvür yaradılır. İslamı terrorla eyniləşdirmək, hər bir müsəlmanı potensial terrorçu obrazında təqdim etmək, İslam dəyərlərini ümumbəşəri dəyərlərdən ayıraraq yad və zərərli element kimi qələmə vermək cəhdləri haqlı olaraq bütün İslam aləmində ciddi etirazlar doğurur.

İyirmi ildən artıqdır ki, Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal altında saxlandığını deyən Əli Həsənov Azərbaycanın tarixi torpaqlarında bütün infrastrukturla yanaşı, milli, mədəni və dini abidələrin və məscidlərin də dağıdıldığını nəzərə çatdırdı. Həmin ərazilərin işğaldan azad olunması ilə bağlı BMT, ATƏT, Avropa Şurası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən müvafiq qərar və qətnamələr qəbul edilib. Təəssüf ki, bütün bunların konkret nəticəsi olmayıb.

Ermənistan nəinki beynəlxalq qanunları, nüfuzlu təşkilatların qərarlarını qulaqardına vurur, həmçinin öz haqsız mövqeyini əsaslandırmaq üçün işğalçı siyasətinə dini rəng verərək İslam dəyərlərini gözdən salmağa, xristian həmrəyliyi faktorundan, Qərbin islamofob dairələrinin, aparıcı media resurslarının imkanlarından yararlanmağa çalışır və bəzi hallarda buna nail olur. Əminliklə demək olar ki, oxşar problemləri olan digər müsəlman ölkələri də belə hallarla rastlaşırlar. Bu faktlar İslam həmrəyliyinin gücləndirilməsi ilə yanaşı, informasiya sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinə böyük ehtiyac olduğunu əyani şəkildə təsdiq edir.

Vurğulandı ki, vahid informasiya məkanının, transmilli medianın mövcud olduğu müasir dövrdə informasiya dövlətlərarası əlaqələrin inkişafında mühüm amilə çevrilib, həmçinin ictimai fikrin formalaşması və ifadə olunmasını təmin edən təsirli vasitə kimi kütləvi informasiya vasitələrinin əhəmiyyəti daha da yüksəlib. Mövcud şəraitə uyğun informasiya siyasətinin formalaşdırılması, qlobal şəbəkədə prioritetlərin müəyyənləşdirilməsi, cəmiyyətin informasiya təhlükəsizliyinin təmin edilməsi hər bir dövlət, o cümlədən İslam ölkələri üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdir.

Qeyd olundu ki, 2012-ci ildə Qabonun paytaxtı Librevil şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin informasiya nazirlərinin 9-cu toplantısında informasiya sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə ciddi qərarlar qəbul edilib. Bu barədə danışan Əli Həsənov bildirdi ki, İslam ölkələrinin informasiya vasitələrində obyektivliyin və həmrəyliyin təmin olunması, KİV-lərin fəaliyyətinin əlaqələndirilməsi, birgə media təsisatlarının yaradılması və onların məqsədyönlü fəaliyyətinin təşkili, müsəlman dünyasının maraqları naminə dünyanın aparıcı KİV-ləri ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, İslam aləmini düşündürən mövzularla bağlı forum və konfransların keçirilməsi və digər bu kimi tədbirlər hazırda da öz aktuallığını saxlamaqdadır. İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin KİV-ləri arasında obyektiv informasiya mübadiləsinin genişləndirilməsi, virtual məkanda birgə fəaliyyətin koordinasiyası, vahid internet resurslarının yaradılması istiqamətində də tədbirlərin həyata keçirilməsinə ehtiyac var.

Əli Həsənov qeyd etdi ki, Azərbaycan Respublikası dünyada İslam həmrəyliyinin gücləndirilməsi, müsəlman ölkələri arasında əməkdaşlığın və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi işinə həmişə öz töhfəsini verib və bundan sonra da bu sahədə qarşısında duran vəzifələri tam icra etmək əzmindədir. Hesab edirik ki, 2017-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan IV İslam Həmrəyliyi Oyunları da ümumi mənafelərimizə xidmət edəcək. Artıq Azərbaycan mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübə qazanıb. Çalışacağıq ki, IV İslam Həmrəyliyi Oyunları həm də İslam dünyasının zəngin potensialının, müsəlman ölkələri arasında dostluq və həmrəyliyin təcəssümü kimi bütün dünyanın diqqətini özünə cəlb etsin. İnanırıq ki, bu, bütün müsəlman ölkələrinin media nümayəndələri üçün də əlverişli fürsət olacaq.

Əli Həsənov İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin informasiya nazirlərinin növbəti - 11-ci toplantısının Azərbaycanda keçirilməsini təklif etdi. Həmçinin informasiya nazirlərinin 9-cu toplantısında İslam Ölkələri Jurnalistləri Birliyinin yaradılması barədə qərar qəbul olunduğunu, artıq Azərbaycanda bu istiqamətdə ilkin tədbirlərin həyata keçirildiyini və müvafiq qurumun təsis edildiyini nəzərə alaraq, növbəti görüş çərçivəsində İslam Ölkələri Jurnalistləri Birliyinin təqdimetmə mərasiminin keçirilməsi təşəbbüsünü irəli sürdü.

İclasın sədri informasiya nazirlərinin 11-ci iclasının və İslam Ölkələri Jurnalistləri Birliyinin təqdimat mərasiminin Bakıda keçirilməsi təklifinə görə təşəkkürünü bildirdi və bu məsələnin katiblikdə müzakirə olunaraq qərar qəbul ediləcəyini dedi.

Sonra Pakistan, Türkiyə, Tacikistan, Səudiyyə Ərəbistanı, İraq, Əmman, Toqo və digər üzv dövlətlərin nümayəndələri çıxış edərək müzakirə olunan problemə münasibətlərini bildirdilər.

Çıxışlardan sonra irəli sürülən təkliflər nəzərdən keçirildi və müzakirələr aparıldı.

İslam Əməkdaşlıq Təşkilatının informasiya nazirlərinin 10-cu iclası öz işini dekabrın 4-də davam etdirəcək.


Müəllif:

Oxşar xəbərlər