Avqustun 4-də Londondakı Azərbaycan səfirliyinə hücum olub.
Teleqraf.com xəbər verir ki, bir qrup dindar ərəbcə yazılan şüarlarla səfirliyin balkonuna çıxıb, Azərbaycan bayrağını yerə salıb, dini şüarlar səsləndirib. Bir müddət sonra səfirliyin təhlükəsizliyi təmin edilib və hücum edənlər saxlanılıb. London mediasının yazdığına görə, hücumu Mehdi Xidmətçiləri Birliyi (MXB) təşkil edib.
Səbəb olaraq, Azərbaycanda şiə müsəlmanların təzyiqə məruz qaldıqları göstərilib.
Rəhbəri Yasir Əl Həbib olan MXB Londonda yerləşən təşkilatdır və internet səhifəsində elan edir ki, məqsədi sivilizasiya üzərində hökmranlığı təmin etməkdir. Təşkilat həm də İran hökumətini tənqid edir. Təşkilatın hazırladığı "Cənnətin Xanımı" filmi bu ilin əvvəlində Londonda sünni müsəlmanların etirazlarına səbəb olduğu üçün kinoteatrlarda yayımdan çıxarılmışdı.