“Bugünkü mənzərə bir daha sübut edir ki, İran İslam Respublikası ABŞ, Fransa və bu kateqoriyadan olan dövlətlərin regionda türk-islam, eləcə də Avrasiya geoiqtisadi və geomədəni amilinin güclənməsinə qarşı yaratdığı təsisatdır və öz missiyasını vaxtaşırı aldığı “siqnallar”ın alqoritminə uyğun olaraq gücləndirir”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.
Ekspert Ermənistan-İran əlaqələrinə və “islam respublikası”nın Azərbaycan əleyhinə yönəlmiş düşmən ritorikasına diqqət çəkib:
“İran-Ermənistan əlaqələri ilə bağlı gündəlik araşdırmalarımı davam etdirərkən, bu ilin fevral ayında İranın İrəvandakı səfirliyi, İrəvan Dövlət Universiteti və Ermənistan Elmlər Akademiyasının iranşünaslıq şöbəsinin “İran və Ermənistanın tarixi və çağdaş əlaqələri” mövzusunda keçirilən “beynəlxalq konfrans”da müzakirə edilən mövzular və səsləndirilən fikirlər diqqətimi çəkdi.
Konfransla bağlı İran, Ermənistan, eləcə də ABŞ və Fransadakı erməni diasporuna aid media resurslarında yayımlanan xəbər və reportajlarda bildirilir ki, tədbirdə İranın Ermənistandakı səfiri Abbas Bədaxşan Zoxuri, İran parlamentinin erməni əsilli deputatları Robert Beqlaryan və Ara Şahverdiyan, Beyrutdakı “Amedria” insitutunun elmi işçisi, həmçinin erməni diasporunun Türkiyə əleyhinə təbliğat ruporu olan “Vanın səsi” radiosunda “Türkiyə bu gün” proqramının aparıcısı Yegiya Taşçıyan, İran və Ermənistanı təmsil edən diplomat və alimlər də daxil olmaqla 20 məruzəçi iştirak edib.
Konfransda çıxış edən Zoxuri İran-Ermənistan sərhədlərinin geostrateji əhəmiyyətindən, mövcud statis-kovonun qorunmasının vacibliyindən, iki ölkə arasındakı ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılmasından danışıb və təbii ki, erməni diplomatların, alim və ekspertlərin bölgədəki “pantürkizm meylləri”, “Zəngəzur dəhlizi təhlükəsi” barədə sərsəmləmələrini böyük məmnuniyyətlə dinləyib.
Daha sonra İranı təmsil edən deputat, alim və diplomatlar ermənilərlə səs-səsə verib, 2020-ci ildə baş verən müharibənin təkcə Ermənistana deyil, həm də İrana qarşı olduğunu bildiriblər. Həmçinin qeyd ediblər ki, “Türkiyə, Azərbaycan və İsrail İranın Avropaya və Rusiyaya alternativ marşrutlarının qarşısını almağa cəhd göstərirlər”.
Təbii ki, mollakratiyanın erməni sevgisi sadəcə bu konfransla yekunlaşmayıb. Daha sonra İranın Ermənistandakı səfiri konfrans iştirakçıları üçün qəbul təşkil edib və 3 saatdan çox davam edən qəbulda Azərbaycan və Türkiyənin düşmənləri bundan sonra atacaqları addımlar barədə fikir mübadiləsi aparıblar. Səfirlikdə keçirilən qəbul zamanı çəkilən foto İran İslam Respublikasının diplomatik nümayəndəliklərində tətbiq olunan qaydaların ermənilər üçün “keçərli olmadığını” da sübuta yetirir.
Səfirin Livandakı Amerika institunun elmi işçisi ilə çəkdirdiyi foto da həmçinin, sübuta yetirir ki, İran təmsilçilərinin son zamanlar tez-tez təkrarladıqları “qırmızı xətt” öz rəngini konkret situasiyaya uyğun dəyişə də bilir”.
Elçin Mirzəbəyli qeyd edib ki, Azərbaycanın zəfərindən sonra İran və Ermənistanda bu qəbildən olan tədbirlər, demək olar, hər ay keçirilir, amma bunların böyük əksəriyyəti haqda məlumat verilmir:
“Bu konfranslarda İran və Ermənistanın xüsusi xidmət orqanları və müdafiə nazirlikləri arasında əlaqələrin intensivləşdirilməsi və hətta daimi fəaliyyət göstərən ortaq təsisatların yaradılması bağlı təşəbbüslər də irəli sürülür və bəlkə də artıq yaradılıb.
Digər tərəfdən, Beyrutda fəaliyyət göstərən Amerika institutunun elmi işçisinin İran səfirliyində keçirilən qəbulda iştirakı sübuta yetirir ki, Tehranın ABŞ-a qarşı ritorikası, yaxud Vaşinqtonun İran ətrafında yaratdığı ajiotaj məqsədyönlü xarakter daşıyır və ola bilsin ki, razılaşdırılmış siyasətin tərkib hissəsidir.
İranın nüvə proqramı və digər bu kimi məsələlər ətrafında Vaşinqtondan davamlı olaraq üfürülən, dünya mediasında tirajlanan informasasiyalar, əslində “islam respublikası”nın guya Qərbin maraqlarına qarşı mübarizənin ön cərgəsində dayandığı barədə görüntünün yaradılmasına xidmət edir. Bugünkü mənzərə bir daha sübut edir ki, İran İslam Respublikası ABŞ, Fransa və bu kateqoriyadan olan dövlətlərin regionda türk-islam, eləcə də Avrasiya geoiqtisadi və geomədəni amilinin güclənməsində qarşı yaratdığı təsisatdır və öz missiyasını vaxtaşırı aldığı “siqnallar”ın alqoritminə uyğun olaraq gücləndirir”.