“Qlobal iqtisadiyyat və təchizat zəncirləri son illərdə texnoloji inkişafla birlikdə bir-birinə daha çox bağlıdır. Bu kontekstdə regional layihələr strateji əhəmiyyət kəsb edir. Məsələn, Türkiyənin xüsusi səylər sərf etməsi təsadüfi deyil”.
Teleqraf.com xəbər verir ki, bunu erməni jurnalist Artur Karapetyan deyib.
Onun sözlərinə görə, bu reallıq həm də Türkiyənin Qərbin nəzərində çəkisinin artması deməkdir:
“Regional layihələr Cənubi Qafqaz ölkələri üçün də həyati önəm kəsb edir. Bu, indi inkişaf üçün ilkin şərt kimi qəbul olunur”.
Karapetyan Zəngəzur dəhlizi məsələsinin də bu çərçivədə gündəmə gəldiyini söyləyir:
“Ermənistan hakimiyyəti isə 2018-ci ildən Fars körfəzi-Qara dəniz dəhlizinin yaradılmasından danışır. Ekspertlər geosiyasi ambisiyaları olan bu böyük layihənin Hindistandan Şərqi Avropa ölkələrinə uzanan, Asiya ilə Avropa arasında ticarət əlaqələrini aktivləşdirən, eyni zamanda Ermənistanın regionda iqtisadi-siyasi çəkisini artıran böyük tranzit yolunun necə açıla biləcəyini təhlil edirdilər. Hətta Ermənistanın bu layihəni reallaşdırmaq üçün maraqlı dövlətlərlə danışıqlar apardığı barədə də açıqlamalar verildi. Amma Şimal-Cənub nəqliyyat dəhlizinin marşrutu çərçivəsində bu mühüm layihənin həyata keçirilməsi üçün bizim hakimiyyət heç bir iş görməyib.
Bunun nəticəsidir ki, Şimal-Cənub magistral yolu hələ də tikilməyib, İranla birləşdirən müasir tələblərə cavab verən yol belə yoxdur. Çünki Gorus-Qafan yolunun mühüm hissəsi hazırda Azərbaycanın nəzarətindədir. İran-Ermənistan dəmir yolu ilə bağlı danışıqlar isə buz üzərində yazılıb.
Birdən-birə son günlər Ermənistan hakimiyyəti yenidən Fars körfəzi-Qara dəniz dəhlizini xatırladı. Yenə də bəyanatlar verirlər ki, Ermənistan və İran Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizi ilə bağlı məqsədləri həyata keçirmək üçün Ermənistan, İran və Hindistanın iştirakı ilə üçtərəfli platforma yaratmaq niyyətindədirlər. Hindistandan gələn marşrutun İran, Ermənistan və Gürcüstandan keçərək Qara dənizə, daha sonra isə Bolqarıstana çatdırılması planlaşdırılır.
Doğrudan da, marşrut ideyası gözəl görünür, həmişə iddialı niyyət və ya maraqları elan etmək olar, amma mövcud olmayan praktiki razılaşmalara da ehtiyac var. Ermənistan tərəfi süründürməçiliklə məşğul olduğu halda, Ankara və Bakı fəal işləyir. Azərbaycan hər şeyi edir ki, Şimal-Cənub dəhlizinin bütünlüklə öz ərazisindən keçməsi məqsədəuyğun hesab edilsin. Təsadüfi deyil ki, İran, Azərbaycan və Rusiya Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin həyata keçirilməsinə uyğun gələn Rəşt-Astara dəmir yolu layihəsinin tikintisinə birgə sərmayə qoymaq niyyətindədirlər”.