28 Oktyabr 2022 16:15
1 975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropanın Rusiya qazına alternativ axtarışı ilə bağlı ABŞ-ın dövlətə bağlı media orqanı “Voice of America”da (“Amerikanın səsi”) “Türkiyə Avropanın Rusiyadan enerji asılılığına son qoyulmasında mühüm rol oynayır” adlı məqalə dərc olunub.

Teleqraf.com xəbər verir ki, təhlildə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycana da geniş yer verilib.

“Rusiya Avropaya qaz tədarükünü kəsdiyi bir vaxtda Avropa İttifaqı (Aİ) alternativ mənbələr tapmaqda çətinlik çəkir. Aİ boşluğu doldurmaq üçün Azərbaycan kimi qaz tədarükçüləri axtarır. Türkiyə də bu qış Avropada işıqların və sobaların işləməsində mühüm rol oynayacaq”, - məqalədə deyilir.

Aİ-nin Rusiyanın qaz asılılığından xilas olmaq üçün qarşısına böyük missiya qoyduğunu bildirən nəşr 2021-ci ildə Moskvanın qitənin qaz təchizatının təxminən yarısını qarşıladığı vurğulanıb.

Məqalədə Aİ Komissiyasının sədri Ursula fon der Leyenin iyul ayında Azərbaycana səfərinə diqqət çəkilib:

“Leyen Bakıda olarkən deyib ki, enerji resursları ilə zəngin olan Azərbaycan fərqi aradan qaldırmağa kömək edə biləcək ölkədir.

“Avropa İttifaqı Rusiyadan uzaqlaşaraq daha etibarlı, güvənli tərəfdaşlara müraciət etmək qərarına gəlib. Mən xoşbəxtəm ki, Azərbaycanı da onların sırasına daxil edirəm. Siz həqiqətən bizim üçün çox vacib enerji tərəfdaşısınız və həmişə etibarlı olmusunuz”, - Leyen söyləyib”.

Amerika nəşri Bakının artıq Avropaya qaz tədarükünü təxminən üçdə bir artırdığını bildirib:

“Qaz Türkiyədən Yunanıstana keçən və Avropanın boru kəmərləri şəbəkəsinə qoşulan Trans-Anadolu Təbii Qaz Xətti (TANAP) boru kəməri ilə nəql olunur. Bu fakt Türkiyəni Avropanın enerji gələcəyində mühüm oyunçuya çevirir.

Bütün boru kəmərləri Türkiyədən keçir və Avropa xəttinə birləşir, bu mənada tranzit ölkədir. Türkiyənin enerji mərkəzinə çevrilməsi ilə bağlı uzun illər ərzində çoxlu planlar qurulmuşdu, amma həyata keçirilməmişdi”.

Məqalədə Türkiyənin tranzit nöqtəsi olaraq əhəmiyyətinin artacağı vurğulanıb: “Bundan əlavə, Türkmənistanın böyük qaz ehtiyatları həm də Avropaya potensial önəmli qaz təchizatıdır. Bu qaz Azərbaycan və Türkiyənin TANAP kəməri ilə Qərbə ötürülə bilər”.

Nəşr enerji sahəsi üzrə ekspert və Türkiyənin Qətərdəki keçmiş səfiri Mithat Rendenin də fikirlərinə yer verib:

“Türkiyə boru kəmərinin gücünü artırmaq üçün layihələr hazırlayır. Layihələrdən biri TANAP-ın Cənub Qaz Dəhlizinin imkanlarının artırılması ola və bu, iki ildən az müddətdə baş verə bilər. İkinci layihə İraq qazının Şimali İraq üzərindən gətirilməsi ola bilər və orada təxminən 200 kilometr uzunluğunda bir boru xətti çəkilməlidir”.

Avropanın tədarük dəyişikliyinə uyğunlaşmaq üçün təbii qaz boru kəməri infrastrukturunu yenidən qurduğunu bildirən nəşr Yunanıstan və Bolqarıstan arasındakı boru xəttinin açılış mərasiminə qatılan Leyenin bu cür layihələrin əhəmiyyətini vurğuladığını yazıb və onun bu fikirlərinə yer verib:

“Bu boru kəməri oyun dəyişdiricidir. Bolqarıstan və Avropanın enerji təhlükəsizliyi üçün oyun qaydalarını dəyişir və bu, azadlıq deməkdir. Bu, Rusiya qazından asılılıqdan qurtulmaq deməkdir”.

Məqalədə Yunanıstan-Bolqarıstan boru kəmərindən keçəcək qazın Türkiyə üzərindən nəql edilən Azərbaycan qazından təmin edildiyi vurğulanıb.

“Avropa Rusiya qazından asılılıqdan qurtulduqca, ən azı ortamüddətli perspektivdə enerji baxımından tranzit ölkə kimi Türkiyədən daha çox asılı olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər