“Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlunun tanınmış yazıçı-filosof Əlisa Nicatın maddi vəziyyəti ilə bağlı paylaşımı müzakirələrə səbəb olub.
Teleqraf.com xəbər verir ki, Şahbaz Xuduoğlu paylaşımında yazıçının maddi durumunun aşağı olmasına diqqət çəkib və aralarındakı dialoqu paylaşıb.
Əlisa Nicatdan soruşuram qalın geyinmisən çox üşüyürsən? Deyir, ev soyuqdur.
- Bəs qaz gəlmir?
- Qaz peçi var, gecə 2-3 saat yandırıb sonra söndürürəm. Pul çox yazır, çatdıra bilmirəm.
Şahbaz Xuduoğlu bu gün Əlisa Nicatın evinə gedib və oradan video paylaşıb. O qeyd edib ki, evə istilik sisteminin çəkilməsi üçün kombi və radiatorlar alınmalıdır: "Evin ümumi vəziyyəti acınacaqlıdır, amma qışı yola vermək üçün istilik sistemi vacibdir. Bu gün ustalar lazım olan avadanlıqları alacaq, sabah işə başlayacaqlar".
Qeyd edək ki, dünənki paylaşımdan sonra Əlisa Nicata dəstək məqsədilə bank hesabı açılıb və yardım kampaniyasına başlanılıb.