9 Dekabr 2022 20:25
1 995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi fonunda Türkiyə, Azərbaycan və Türkmənistan prezidentləri səviyyəsində türkmən qazının Avropaya ixracı imkanlarını müzakirə edəcəklər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

Agentlik bildirib ki, prezidentlər Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev və Sərdar Berdiməhəmmədov arasında danışıqlar dekabrın 14-də Xəzərin Avaza kurortunda (Türkmənistan) baş tutacaq.

Danışıqlar zamanı qazın Xəzər dənizi vasitəsilə tankerlərlə Azərbaycana, oradan isə Türkiyəyə və buradan boru kəməri ilə Avropaya nəqlinin mümkünlüyü müzakirə olunacaq.

Məqalədə qeyd edilir ki, Türkiyə öz strateji mövqeyindən istifadə edərək Avropaya əsas qaz tranzit marşrutuna çevrilmək istəyir. Bunun üçün Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) ötürmə qabiliyyəti iki dəfə artırılaraq 32 milyard kubmetrə çatdırılması planlaşdırılır.

“Azərbaycan artıq Avropaya qaz ixrac edir, Türkmənistanın böyük resursları isə əsasən istifadə olunmamış qalır. Türkmənistanın qaz ehtiyatları 2020-ci ilin sonunda 13.6 trilyon kubmetr təşkil edib. Bu, Rusiya ehtiyatlarının təxminən üçdə biri qədərdir”, - məqalədə vurğulanır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər