1 Aprel 2023 17:08
1 551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprel döyüşləri 22 illik fasilədən sonra Azərbaycan Ordusunun sürətli əks- hücumu və Ermənistan silahlı qüvvələrinin Füzuli, Cəbrayıl və Ağdərə rayonlarında darmadağın edilməsi ilə nəticələnən bir əməliyyat idi.

Teleqraf.com xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Aprel döyüşləri ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Aprel döyüşləri zamanı Azərbaycan Ordusu iki min hektardan çox işğal altındakı ərazilərimizə nəzarəti bərpa etdi:

“Bu əməliyyatlar zamanı azad edilən Talış kəndi ətrafındakı yüksəkliklər və Lələtəpə zirvəsi Azərbaycanın növbəti əməliyyatlar üçün istifadə oluna biləcək plasdarma çevrildi. Bu zəfər Azərbaycan Ordusunun qəhrəmanlıq səlnaməsinin bir səhifəsi idi.

Azərbaycan Ordusu “keçilməz” sayılan Ohanyan xəttini cəmi yarım saata darmadağın etdi. Döyüşlər vasitəsi ilə biz uzun illər erməni ordusu haqda yaradılan “məğlubedilməz”, “qəhrəman” mifinin məhv edilməsinin əsasını qoyduq. Bu döyüşlər Azərbaycan xalqının ordusu ilə bərabərliyinin təcəssümü oldu. Azərbaycan Aprel döyüşləri ilə düşməni bir daha əmin etdi ki, biz heç bir zaman işğal faktı ilə barışmayacağıq və Azərbaycan ərazi bütövlüyünü istənilən yolla, o cümlədən müharibə yolu ilə azad etməyə hazırdır. Bu döyüşlər Azərbaycan dövlətinin, xalqımızın, ordumuzun gücünü, imkanlarını, potensialını, nümayiş etdirən şanlı səhifədir”.

Ə.Verdiyev qeyd edib ki, Aprel döyüşləri zamanı azad olunan ərazilər Vətən müharibəsində zəfərin əldə olunmasında mühüm əhəmiyyət daşıdı:

“Məhz 27 sentyabr 2020-ci ildə düşmənə endirilən əks zərbələr 2016-cı ildə azad edilən Talış və Lələtəpə yüksəkliklərindən başladı. Ordumuz məhz Aprel döyüşlərində yeni nəsil müharibənin bir neçə elementini düşmən tərəfə tətbiq etdi. Və artıq Ermənistan tərəfi də anlamağa başladı ki, növbəti müharibə onlar üçün hansı sürprizləri vəd edir. Bu, Vətən müharibəsi zamanı da öz təsdiqini tapdı”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər