Rusiya Ermənistandan ABŞ-ın komdanlığı ilə keçiriləcək NATO hərbi təlimlərdə iştirakı ilə bağlı açıqlama istəyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Ermənistan-Azərbaycan sərhədində dünən baş verən insidentə toxunan diplomat Avropa Birliyinin Ermənistandakı missiyasının fəaliyyəti fonunda vəziyyətin daha da gərginləşəcəyini proqnozlaşdırıb.
“Rusiya tərəfi artıq öz fikrini bildirib ki, uzun müddətdir davam edən münaqişənin həlli ilə heç vaxt məşğul olmayan digər strukturların və oyunçuların regiona nüfuz etməsi heç bir müsbət təsir göstərməyəcək. Bunun eskalasiyaya, sabitliyin pozulmasına gətirib çıxaracağını və sülh yolu ilə nizamlanma prosesindən uzaqlaşacağını proqnozlaşdırırdıq. İndi ağrı və təəssüf hissi ilə sabitliyin pozulmasının müxtəlif təzahürlərinin şahidi oluruq”, - Zaxarova bildirib.