“Fransa səfirliyi bu gün də əsgərimizə qarşı zorakılığa reaksiya verməyəcəksə, Azərbaycanla münasibətlərdə həmişə Britaniya və ABŞ-ın gerisində qalacaq”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Fransa səfirliyinin hələ də Ermənistanda hərbçimizə qarşı zorakılığa münasibət bildirmədiyini söyləyib:
“Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old Tvitterdə Azərbaycan hərbçisinə qarşı zorakılığı qətiyyətlə pisləyib. Səfir həmin kadrları izləməyin dəhşətli olduğunu və beynəlxalq humanitar hüquq qanunlarına görə, bu cür rəftarın yolverilməz olduğunu yazıb.
ABŞ-ın Azərbaycandakı səfirliyi də məlumat yayaraq, Azərbaycan əsgərinə qarşı Ermənistanda törədilmiş zorakılığa görə çox narahat olduğunu vurğulayıb. Bu cümlə Britaniya səfirinin açıqlaması qədər qətiyyətli olmasa da, hər halda səfir təyinatı uzanan ABŞ səfirliyinin məlum olaya reaksiyasız qalmadığını göstərir.
Maraqlıdır, Azərbaycan hərbçisinin zorakılığına Fransa səfirliyinin və səfirinin reaksiyası necə olacaq? Səssiz qalmaması lazımdır. Bilirəm, səfirliklərin mətbuatla bağlı məsul işçiləri sosial şəbəkələrdə yazılanları izləyir və bunun əsasında səfir və səfirin müşavirləri üçün hesabat hazırlayırlar. Bu gün də reaksiya verməyəcəksinizsə, britaniyalı diplomatın etirazına, ABŞ səfirliyinin narahatlığına şərik olmayacaqsınızsa, demək, Azərbaycanla münasibətlərdə həmişə Britaniya və ABŞ-ın gerisində qalacaqsınız”.