“Paşinyan şərtlərimizi qəbul etməyə hazırdırsa, Rusiyadakı mərkəzlər “Qarabağ klanı”nın əli ilə onu devirməyə macal tapmamış sülh sazişini imzalamaq faydalı olar”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Ermənistan baş nazirinə daxili təzyiqin artdığını bildirib:
“Qarabağ klanı” 1998-ci ildə Levon Ter-Petrosyanı da bu yolla devirmişdi. SSRİ dönəmində erməni millətçilərinin təsis etdiyi “Qarabağ Komitəsi”nin fəal üzvü olan Levon Ter-Petrosyan sonrakı illərdə fikirlərində dəyişiklik etdi, prezident ikən Minsk qrupunun Qarabağ münaqişəsinin həlliylə bağlı hazırladığı “mərhələli həll planı”nı qəbul etdi. Həmin plan birinci mərhələdə işğal altındakı torpaqların azad edilməsini ehtiva edirdi.
Ter-Petrosyan Ermənistanın o zamankı baş naziri Robert Köçəryan və milli təhlükəsizlik naziri Serj Sərkisyanın timsalında “Qarabağ klanı”nın təzyiqi ilə istefa verdi. “Qarabağ klanı” bu gün eyni ssenarini işə salmağa çalışır, yenə eyni simalar peyda olaraq Ter-Petrosyanın ardıcılı olan Baş nazir Nikol Paşinyanı devirməyə çalışırlar”.
Elxan Şahinoğlu Ermənistan daxilindəki gəlişmələrdə Rusiyanın roluna da diqqət çəkib:
“Paşinyanın dünənki “Qarabağı Azərbaycan ərazisi kimi tanımağa hazırıq” bəyanatı “Qarabağ klanı”nı hərəkətə gətirib, Qarabağdakı separatçıların “parlament”i də Ermənistanın baş nazirini hədəf seçib. İşin içində vaxtilə Petrosyanın devrilməsini sürətləndirən Rusiyadakı mərkəzlər də var. Həmin mərkəzlər anlayırlar ki, Ermənistan Azərbaycanla sülh sazişi imzalayarsa, Rusiya hərbi kontingenti iki ildən sonra həm Qarabağı tərk etməli olacaq, həm də Ermənistandakı hərbi bazalara ehtiyac azalacaq.
Paşinyan şərtlərimizi qəbul etməyə hazırdırsa, Rusiyadakı mərkəzlər “Qarabağ klanı”nın əli ilə onu devirməyə macal tapmamış sülh sazişini imzalamaq faydalı olar”.