2 İyun 2023 10:56
1 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yelisey sarayı Kişinyovda Azərbaycan, Ermənistan, Fransa, Almaniya və Avropa Şurası liderlərinin iştirakı ilə keçirilən beştərəfli görüşün yekunları ilə bağlı bəyanat yayıb.

Teleqraf.com xəbər verir ki, bəyanatda tərəflərin bir-birlərinin ərazi bütövlüklərini tanıdıqları diqqətə çatdırılır.

Bəyanatda deyilir:

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan iyunun 1-də Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolz və Avropa Şurasının Prezident Şarl Mişel Kişinyovda keçirilən Avropa Siyasi Birliyinin ikinci sammiti çərçivəsində görüşüblər.

Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri 2022-ci il oktyabrın 6-da Praqada sərhədlərin tanınması ilə bağlı Almatı Bəyannaməsinə sadiqliyi bir daha təsdiqləyiblər. Bir daha bir-birlərinin ərazi bütövlüyünü tanıdıqlarını təsdiq ediblər”.

Bəyanatda həmçinin Avropa İttifaqının müşahidə missiyasının Ermənistana faydası üçün önəminə diqqət çəkilib.

“Tərəflər Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizlik təminatlarının həyata keçirilməsinin vacibliyini vurğulayıblar”, - açıqlamada bildirilir.

Bəyanatda həmçinin qeyd olunub ki, Fransa Prezidenti Emmanuel Makron hər hansı düşmənçilik ritorikasından çəkinməyə çağırıb və regionun bütün xalqlarının rifahı naminə sülhə qayıtmaq üçün səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu