“Paşinyan sülh müqaviləsi imzalamaqla ətrafındakı bütün hay-küyünün üstündən xətt çəkə, hər şeyi sıfırdan başlamağa cəhd edə bilər”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.
Ekspert Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ABŞ-da keçirilmiş üçgünlük müzakirələrə diqqət çəkib:
“Görüşün yekunlarına əsasən demək olar ki, nəzərəçarpacaq irəliləyiş yoxdur, amma müəyyən nailiyyətlər ABŞ-a vasitəçiliyini, tərəflərə isə danışıqları davam etdirməyə imkan yaradır. Tərəflərin bəyanatlarının razılaşdırılmış mətnində görünən çox ehtiyatlı nikbinliyə əsasən, danışıqların davam etdirilməsinin zəruriliyinə əmindirlər. Gözlənilən budur ki, liderlərin qarşıdakı Brüssel görüşündə Avropa Birliyinin vasitəçiliyi ilə danışıqların dinamikasının irəliləməsinə maneə yaratmamaq üçün tərəflərin “mübahisəli məsələlər”lə bağlı mövqelərinə düzəlişlər ediləcək. Amma Qarabağ ermənilərinin gələcəyi və xəritələri hələ də naməlum olan sərhəd məsələlərinin yekun həllində büdrəmə olduğundan, belə güman etmək olar ki, qeyri-müəyyən müddətdə davam edəcək danışıqlar yerdə gərginliklə müşayiət oluna bilər.
Ümumilikdə isə prinsipial məsələlərin həllini gecikdirmək Paşinyana sərfəli deyil. Hər şeyi bir göz qırpımında həll etmək lazım gələ bilər. Çünki daxildə populyarlığı aşağı düşür, bu qeyri-müəyyənlik insanları qıcıqlandırır, hər şey isə mahiyyətcə bəllidir. Belədirsə, gecikmək niyə? Artıq “böyük bacı”sı Makron deyir ki, ermənilərin maraqlarının əsl müdafiəçisi Paşinyan yox, odur. Paşinyan sülh müqaviləsi imzalamaqla ətrafındakı bütün bu hay-küyünün üstündən xətt çəkə, hər şeyi sıfırdan başlamağa cəhd edə bilər. Yaşı əllidən azdır, bu, siyasətçilər üçün çiçəklənmə dövrü sayılır. Müəyyən təcrübə qazanıb, az-çox resursları, bir az da “ixtiraçılığı” var”.