21 Avqust 2023 15:30
8 373
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Söhbət türk dövlətləri arasında inteqrasiyanın daha da gücləndirilməsi və sürətləndirilməsindən gedir. Yəni xalqların mədəni, siyasi, hərbi cəhətdən əlaqələrinin inkişafından... Hələlik hərbi yol ikinci dərəcəli məsələ kimi görünür, daha doğrusu, bunu çox nümayiş etdirmək istəmirlər. Ancaq paralel olaraq hərbi əməkdaşlıq məsələsi gündəmdədir”.

Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyəti barədə Teleqraf.com-a danışan politoloq Natiq Miri belə deyib.

Ekspert türk birliyinin inkişaf yolunda irəlilədiyini söyləyib: “Azərbaycan və Özbəkistan hərbi qüvvələrinin təlimləri keçirildi. Eyni zamanda, bu kontekstdə Türkiyənin Orta Asiyanın türk cümhuriyyətləri ilə ciddi əlaqələri var. Ən müasir PUA-ların bu ölkələrə satıldığını görürük. Əlaqələri daha da inkişaf etdirmək lazımdır ki, türk dövlətləri siyasi, iqtisadi, hərbi, mədəni baxımdan vahid məkan formasında bir canlı orqanizm şəklində fəaliyyət göstərə bilsinlər. Bu gün türks dövlətləri özləri bunu etməsələr, başqaları bunu etməyə çalışacaq.

Çin Mərkəzi Asiyanın türk cümhuriyyətlərinə ciddi investisiyalar qoyub. Pekin bununla onların siyasi qərarlarına təsir etmək istəyir. Bu investisiyalar müəyyən mənada türk cümhuriyyətlərini Çin kimi hegemon gücdən asılı vəziyyətə salır. Ancaq türk dövlətləri birlikdə - vahid iqtisadi məkan olaraq birgə qərarlar əsasında problemləri həll etməyə çalışsalar, dünyada gedən proseslərə təsir imkanlarını artıra bilərlər. Əslində, perspektiv və hədəf budur. Sadəcə buna çatmaq üçün daha çox iş görmək lazımdır. Bu prosesin əsas lokomotivi olan iki dövlətin – Azərbaycan və Türkiyənin liderləri arasında bu məsələlər müzakirə olunub”.

Natiq Miri qeyd edib ki, bunun Macarıstanda baş verməsi təsadüfi deyil:

“Macarıstan Türk Dövlətlər Təşkilatının müşahidəçi üzvüdür. Hər bir halda Türk Dövlətləri Təşkilatının güclənməsində maraqlı olan dövlətdir. Bu kontekstdə, Macarıstan həmişə qardaş Türkiyəni istənilən bir məsələdə müdafiə edir, bunun davamlı olacağını düşünürəm.

Türk Dövlətləri Təşkilatının yenidən Azərbaycan və Türkiyə liderləri arasında müzakirə edilməsi dünyanın yenidən şəkillənməsi və qlobal geosiyasətdəki dəyişikliklərlə bağlıdır. İndiki durumda böyük güc olmadan ayaqda dura bilməzsiniz. Ona görə də, hədəf Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu birliyin gələcəkdə dünyanın taleyini həll etmək potensialı var. Artıq oturmaq, fikirləşmək zamanı deyil, hərəkətə keçmək vaxtıdır. Hesab edirəm ki, son görüş və müzakirələr təxminən bu kontekstdədir. Nə qədər güclü olsan, səninlə o qədər hesablaşacaqlar. Türk dünyasının – Azərbaycan, Türkiyə və Orta Asiyanın yerləşdiyi coğrafiya dünyanın ürəyinin vurduğu məkandır, yəni dünyanın mərkəzidir. Avrasiyada kim hökmranlıq edəcəksə, dünyaya da onlar hökmranlıq edəcək”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər