Ermənistan hökuməti ona yeni müttəfiqlər qazandıracaq siyasət aparmır.
Teleqraf.com xəbər verir ki. bunu erməni politoloq Arqişti Kiviryan deyib.
Onun sözlərinə görə, hökumətin davranışları ucbatından İrəvan üçün Moskvanı öhdəliklərini yerinə yetirməyə məcbur etmək çətin olacaq:
“Xüsusilə bizim regionda təhlükəsizlik sahəsində boşluq yaratmaq yolverilməzdir, çünki bu, ciddi fəsadlara, o cümlədən qırğınlara səbəb ola bilər”.
Kiviryanın fikrincə, digər ölkələrdən fərqli olaraq Rusiya Ermənistanla bağlı öhdəliklərini az-çox yerinə yetirir.
“Ermənistan-Amerika hərbi təlimləri üzərindən mesaj kimə ünvanlanıb? Rusiya və KTMT çox yaxşı başa düşür ki, ABŞ regionda təhlükəsizliyə görə məsuliyyəti öz üzərinə götürməyəcək. Baş nazir Nikol Paşinyanın siyasəti Ermənistanın bütün xarici siyasətinin iflasa uğramasına gətirib çıxardı”.
Onun iddiasına görə, Qərbin Cənubi Qafqaz regionuna marağı yalnız Rusiyanın burada zəifləməsidir:
“Ermənistanın Azərbaycan kimi enerji resursları olsaydı, Ermənistanın və Qərbin maraqları daha başqa olardı”.
Kiviryan Rusiya ilə yanaşı, İran-Ermənistan münasibətlərinin də gərginləşdiyini söyləyib.