“Son illərin kriminogen durumunda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətlərinin narahatçılıq doğuran əsas problemlərdən biridir”.
Teleqraf.com xəbər verir ki, bu barədə Bakı şəhər prokuroru Əziz Seyidov 2014-cü ilin yekunlarına dair keçirilən əməliyyat müşavirəsində deyib. O, bildirib ki, prezident İlham Əliyevin 26 dekabr 2012-ci il tarixdə imzaladığı “Yol nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamdan irəli gələn vəzifələrin layiqincə icrası daim nəzarətdə saxlanılıb:
“İl ərzində xüsusən ölümlə nəticələnən yol nəqliyyat hadisələri Bakı şəhər prokurorluğunun diqqət mərkəzində olub. Bu sahədə həyata keçirilmiş qabaqlayıcı-profilaktik tədbirlərin nəticəsidir ki, ötən illə müqayisədə baş vermiş ölümlə nəticələnən yol nəqliyyat hadisələri azalıb, hadisə yerindən qaçan sürücülərin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində müsbət nəticələr əldə edilərək bağlı qalmış cinayətlərin sayı da azalıb. Həmçinin, müşavirədə bu sahədə mövcud olan çatışmazlıqların və yol verilmiş qanun pozuntularının vaxtında aşkar edilib və aradan qaldırılması üçün bütün zəruri tədbirlərin görülməsi hər bir əməkdaşdan tələb edilib”.
Hacı Zeynalov