9 Noyabr 2023 12:12
1 259
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi antiterror tədbirindən bir neçə həftə sonra Zəfər Günü münasibətilə Xankəndidə keçirilən hərbi parad beynəlxalq mətbuatın diqqətində olub.

Teleraf.com xəbər verir ki, “TRT World”, “BBC”, “AFP”, “Bluewin” (İsveçrə), “La Pressa” (Kanada), “The Nation” (Pakistan) media orqanları, eləcə də Türkiyə, Yunanıstan, Fransa, İsveçrə, Bosniya və Herseqovina, Serbiya və digər ölkələrin bir sıra mətbu nəşrləri bu mövzunu geniş işıqlandırıblar.

Məqalələrdə diqqətə çatdırılır ki, Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan qoşunları və hərbi orkestr parad keçirib. Separatçıların siyasi rəhbərliyinin qərargahının yerləşdiyi binada Azərbaycan Bayrağının dalğalandığını da görmək mümkündür.

Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü hərbi paradda iştirak edərək, Bakının bu əraziləri separatçı ermənilərdən geri almasından bir neçə həftə sonra Ermənistana istənilən “qisas” ruhunun baş qaldırması ehtimalına qarşı xəbərdarlıq edib.

Məqalələrdə Ali Baş Komandan İlham Əliyevin hərbi paraddakı çıxışından iqtibaslar da dərc ediblər və onun Azərbaycanın vətən torpaqlarını əzm və qətiyyətlə düşmən tapdağından azad etməsinə, bundan sonra da eyni qətiyyətli mövqeyi nümayiş etdirəcəyinə dair fikirlərinə yer veriblər: “Biz göstərdik ki, Qarabağ Azərbaycandır, döyüşərək, vuruşaraq, heç nəyə baxmayaraq və bu gün hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin”.

Dövlət başçısının hələ də qisasçılıq arzuları ilə yaşayanlara ünvanladığı fikirlər isə müxtəlif dillərdə yazılan məqalələrdə tirajlanıb: “Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin!”.

Məqalələrdə, həmçinin diqqətə çatdırılıb ki, mərasimdə dövlət başçısının xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva və oğulları Heydər Əliyev də iştirak ediblər.

Daha sonra Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün tarixi və 30 il ərzində aparılan nəticəsiz danışıqlar, 44 günlük müharibə və ondan sonra yaranmış yeni siyasi vəziyyət, eləcə də tərəflər arasında sülh sazişi istiqamətindəki səylərdən bəhs olunub.

Pakistanın “The Nation“ nəşrində “Azərbaycan: millətlər və mədəniyyətlər körpüsü“ başlıqlı məqalədə Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycanın fərqləndirici cəhətləri, onun resurs və imkanları, regionun inkişafı üçün oynaya biləcəyi strateji roldan bəhs edilib. Məqalədə qeyd edilib ki, Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında Azərbaycan nəinki diqqətəlayiq iqtisadi müxtəlifliyə nail olub, həm də Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində görkəmli oyunçu kimi formalaşıb. Prezidentin davamlılıq və ekoloji məsuliyyətə sadiqliyi, qlobal iqlim böhranının yumşaldılmasında həlledici addım olan ölkənin bərpaolunan enerji mənbələrinə keçidi də nümunədir.

Məqalədə diqqətə çatdırılır ki, son onilliklərdə sürətlə inkişaf edən Azərbaycanın hekayəsi gələcək üçün vədlər və firavanlıq hekayəsidir. O, davamlılıq, qətiyyət və mədəni ənənələrin qorunması üçün ilham mənbəyi kimi xidmət edir. Xalq nəinki tarixin fırtınalarına sinə gərib, həm də müasir dünyanın imkanlarını mənimsəyib. Geosiyasi əhəmiyyətin və mədəni irsin birləşməsinin valehedici rəqsə bənzədiyi bir dünyada Azərbaycan parlaq bələdçi ulduz - gücün, birliyin və hüdudsuz inkişafın təcəssümü kimi çıxış edir və hamını öz parlaq parıltısında qürurlanmağa açıq dəvət edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər