Ümid edirəm ki, Qarakənd facisi ilə bağlı cinayət işi yenidən açılar, haqq-ədalət öz yerini tapar.
Teleqraf.com xəbər verir ki, bunu Report-a açıqlamasında 1991-ci ildə Qarakənd səmasında ermənilər tərəfindən vurulan helikopterdə olan mərhum baş prokuror İsmət Qayıbovun oğlu İsmayıl Qayıbov deyib.
O, təəssüf hissi ilə işğaldan azad edilən əraziləri hələ ziyarət edə bilmədiyini bildirib.
"Bu 32 ildə həsrətlə baxdığımız Qarabağa və Qarakəndə getmək istəyərdim, o vaxt bu hadisədən sonra cinayət işi qaldırılmışdı. 1993-cü ildə torpaqlar işğal altında olduğu üçün cinayət işi bağlandı. Artıq torpaqlarımız işğaldan azad olunub, ümid edirəm ki, bu cinayət işi yenidən açılar, haqq-ədalət öz yerini tapar".
Qeyd edək ki, 1991-ci il noyabrın 20-də Ağdam yaxınlığında, Xocavənd rayonunun Qarakənd səmasında “Mi-8” hərbi helikopterinin ermənilər tərəfindən vurulmasından 32 il ötür.
Qəza nəticədə helikopterdə olan 22 nəfərin hamısı həlak olub. Onların arasında Azərbaycanın ozamankı daxili İşlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, Dövlət katibi Tofiq İsmayılov, onun köməkçisi Rafiq Məmmədov, SSRİ Ali Sovetinin deputatları Vəli Məmmədov, Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Cəfərov, jurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov, işıqçı Arif Hüseynzadə, eyni zamanda Rusiya və Qazaxıstan hərbi müşahidəçiləri də olub.