Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanın eyniadlı qurumunun bəyanatına cavab verib.
Teleqraf.com xəbər verir ki, rəsmi İrəvanın bəyanatında Ermənistan tərəfinin Azərbaycanla münasibətlərin normallaşdırılması və Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması istiqamətində maraqlı olduğu iddia edilir.
XİN xatırladır ki, Azərbaycanla əlaqələrin nizamlanmasına dair sazişin 6-cı düzəliş versiyasını rəsmi Bakıya təhvil verib.
Qurum aşağıdakı prinsiplər əsasında danışıqlara hazır olduğunu bildirir:
“Birmənalılığa yol vermədən bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmət edilməsi;
Almatı bəyannaməsinə və ən son qanuni sovet xəritələrinə uyğun olaraq delimitasiya prosesinin həyata keçirilməsi;
Dövlətlərin suverenliyinə və yurisdiksiyasına, eləcə də bərabərlik və qarşılıqlılıq prinsiplərinə tam hörmət əsasında regionun infrastrukturunun blokadadan çıxarılması”.
Ermənistan iddia edir ki, bütün çətinliklərə baxmayaraq, iki ölkə arasında sülhün bərqərar olması üçün real imkan var və bu, hər iki tərəfdən siyasi iradə olarsa reallaşa bilər:
“Ermənistan tərəfi bu iradəni nümayiş etdirməkdə davam edir. Həmin iradənin ifadələrindən biri də iki ölkə arasında dövlət sərhədində demarkasiya komissiyalarının iclasının keçirilməsini təklif etməsidir”.
Azərbaycan XİN bundan əvvəl müzakirələrin sərhəddə davam etdirilməsini təklifini vermişdi.