30 Noyabr 2023 20:38
4 774
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmadan sərhəddəki görüşlərin müsbət nəticəsi olmayacaq”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert xatırladıb ki, bu gün Azərbaycan və Ermənistan arasında Qazaxda sərhəd komissiyalarının iclası keçirilib:

“Heç bir vasitəçi olmadan keçirilən görüşdə sərhədin delimitasiyası və təhlükəsizliyi məsələləri üzrə komissiyanın birgə fəaliyyəti haqda əsasnamə razılaşdırılıb. Belə görüşlər dəfələrlə keçirilib. Amma tərəflər arasında etimad olmadığı üçün müsbət nəticə yoxdur. Etimadı formalaşdıracaq yeganə amil isə sülh müqaviləsidir. Hesab edirəm ki, sərhəd müzakirələri sülh müqaviləsindən sonra mümkün olacaq.

Ermənistan və onu yayınmağa təhrik edən Qərbin qeyri-konstruktiv yanaşması liderlərin görüşünə mane olur. Ermənistan da üçüncü tərəf kimi Vaşinqton və ya Brüsselin vasitəçiliyi ilə aparılan danışıqlarda maraqlıdır. ABŞ və Avropa Birliyi isə Ermənistana qoşulub Azərbaycana qarşı əsassız ittihamlar irəli sürürlər, qəbuledilməz şərtlərlə çıxış edirlər. Ermənistanın Qərbin vasitəçiliyində məqsədi də, Azərbaycana qarşı beynəlxalq təzyiq formalaşdırmaq və sülh müqaviləsini özünün istədiyi şərtlərlə bağlanmasına nail olmaqdır. Azərbaycanın mövqeyi bəllidir: vasitəçisiz davam etmək. Bizə nə Rusiya, nə də Qərb lazımdır. Üçüncü tərəf üçüncü maraq deməkdir, bu da Azərbaycana lazım deyil.

Hesab edirəm ki, Ermənistan gələn ildən ikitərəfli danışıqlara məcbur olacaq. Prosesin ya sərhəddə, ya da neytral məkan kimui Tiflisdə davam etdiriləcəyini düşünürəm. Amma o halda ki, danışıqlar ikitərəfli formada davam edəcək, bu olmadan sərhəd komissiyalarının iclaslarının nəticəsi olmayacaq. Prosesin uzanması Ermənistanın zərərinə olacaq, risklər artacaq. Risklərin artması isə yeni toqquşmaya yol aça bilər. Hərbi-siyasi cəhətdən zəif mövqedə olan Ermənistanın belə bir gəlişmənin ona nə verəcəyini anlayır. Buna görə də, getdikcə vasitəçisiz danışıqlara marağının artacağını düşünürəm”.

ABŞ-a gəlincə, Məhəmməd Əsədullazadə qeyd edib ki, Vaşinqton sözdə birbaşa danışıqların tərəfdarı olsa da, verdiyi bütün açıqlamaların sonunda öz vasitəçiliyini qabardır:

“ABŞ sülh müqaviləsinin öz kurasiyasında imzalanmasından yanadır. Amerika bu məsələni Rusiyanı prosesdən, ümumiyyətlə, Cənubi Qafqazdan çıxarmaq siyasəti çərçivəsində nəzərdən keçirir. Qənaətimə görə, ABŞ Ukraynada Rusiyanı məğlub etmədən onu Cənubi Qafqazdan çıxara bilməyəcək. Eyni zamanda, Vaşinqton hesab edirdi ki, Azərbaycana təzyiq etməklə regiondakı mövqeyini gücləndirə bilər. Amma bu siyasət ABŞ-ın öz əleyhinə işlədi. Gərginliyin yüksəldiyi vaxtda Blinkenin Bakıya zəngini də, aranı düzəltmək cəhdi kimi qiymətləndirmək olar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər