Separatçı Samvel Şahramanyan ötən ilin dekabrında qondarma qurumun ləğvi barədə imzaladığı “fərman”ını geri götürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
“Əldə etdiyimiz məlumata görə, Nikol Paşinyan və hakimiyyətin digər nümayəndələrinin təhdidlərinə baxmayaraq, Şahramanyan “fərman”ını ləğv edən qərara imza atıb, bunu yalnız bir neçə nəfər bilir. Qərar dekabrın 10-da imzalanıb və bir nüsxəsi Ermənistan Baş naziri Nikol Paşinyana göndərilib”, - məlumatda deyilir.
Nəşr qeyd edir ki, imzalamasına rəğmən “fərman”ın faktiki mətni yayımlanmayıb. “Qərar” Şahramanyanın saytında yox, ləğv edilmiş qondarma qurumun “informasiya xidməti”nin Feysbuk səhifəsində erməni, rus və ingilis dillərində dərc edilib.
Qəzetin iddiasına görə, Ermənistan hakimiyyəti Şahramanyanın qərarını geri götürməsində, separatçıların ölkə ərazisində açıq fəaliyyətlərində maraqlı deyil. Şahramanyanın bu səbəbdən “fərman”ı geri götürdüyünü açıq mətnlə bəyan etməkdən çəkindiyi bildirilir.
“Hər halda bizə məlum oldu ki, Samvel Şahramanyan spekulyasiyalara yol verməmək üçün imzaladığı qərarı ləğv edib, amma Ermənistan hakimiyyətinin təhdidlərini nəzərə alaraq bunu ictimaiyyətə açıqlamaq fikrində deyil. Rəsmi İrəvan bunun Ermənistanın təhlükəsizliyini təhlükəyə atacağından və Azərbaycanla sülh müqaviləsinin imzalanmasına mane olacağından ehtiyatlanır. Mənbəmiz bildirir ki, Şahramanyan hələlik susqunluğu və siyasi passivliyi qoruyub saxlamaq qərarına gəlib”, - nəşr vurğulayır.
Mənbənin iddiasına görə, Şahramanyandan fərqli olaraq, ötən ilin sonunda gizli iclas keçirən bir qrup separatçı deputat Qarabağla bağlı “komitə” yaratmaq istiqamətində fəaliyyətlərini davam etdirir.
Separatçı deputat Metakse Akopyan isə ləğv edilmiş qondarma qurumun “parlament”inin də passiv olduğunu deyib. Onun sözlərinə görə, bu, Ermənistan rəhbərliyinin təhdidləri ilə bağlıdır.
Separatçı qurum ötən il sentyabrın 19-da Azərbaycan ordusunun birgünlük antiterror tədbirlərindən sonra ləğv edilib. Bundan sonra Ermənistana üz tutan separatçılar “rejim”i bərpa etməyə çalışırlar.