Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında bir-birilərinə hücum etməmək haqqında paktın imzalanması məsələsini gündəmə gətirməklə, sülh prosesini arxa plana keçirməyə çalışır. Paşinyan ola bilsin ki, başa düşərək bu təklifi irəli sürür. Çünki Azərbaycan heç vaxt Ermənistana hücum etmək fikrində deyil.
Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.
Onun sözlərinə görə, hücum etməmək paktı bir qayda olaraq bir-birilərini rəsmən tanıyan ölkələr arasında imzalanır:
"Onlar 30 il bizim torpaqlarımızı işğal altında saxlayıblar. İndi də bizə belə bir gülünc sənəd imzalamağı təklif edirlər. Bizim Ermənistanın torpağına heç bir iddiamız yoxdur. Onlar tərəfdən müxtəlif təkliflər irəli sürülür ki, əsas müqavilə imzalanmasın. Hücum etməmək paktı, sərhədlərdən qoşunların çəkilməsi o deməkdir ki, bunlar sadəcə olaraq həmin o əsas sənədə imza atmağa hazır deyillər və ya istəmirlər. İkinci variant isə burada daxili amillərdir ki, ona qarşı müxalifət qüvvələri və yaxud xarici dövlətlər tərəfindən müəyyən təzyiqlər də ola bilər. Amma Paşinyan bunu bilməlidir ki, regionda sülh yaranmasa, Ermənistan əziyyət çəkəcək. Müəyyən iqtisadi, maliyyə və siyasi problemlərlə üzləşəcək. Çünki Türkiyə ilə sərhədlər bağlıdır. Məsələ həll olunmayana qədər Türkiyə sərhədi açmayacaq. Paşinyan kiməsə ümid edirsə, bu, tam mənada xülyadır.
Fikrət Sadıqov bildirib ki, Ermənistan paralel olaraq Hindistan və Fransadan silah alır:
"Onlarla hərbi texniki əməkdaşlıq etməyə hazırlığını nümayiş etdirir. Əgər Ermənistan həqiqətən belə bir paktın imzalanmasına hazırdırsa bu, ziddiyyət təşkil edir. Bu, qeyri-ciddi təklifdir. Belə bir təklifin Azərbaycan tərəfindən rədd olunması təbii görünür".