Həsən Şıxəliyev: “Küçələrdə sakitlikdir, turistlər sərbəst şəkildə hərəkət edirlər”
“Parisdə vəziyyət mətbuatın təqdim etdiyi kimi mürəkkəb deyil. Müsəlmanlara qarşı da hər hansı bir ayrıseçkilik müşahidə edilmir. Azərbaycanlılara münasibət isə daha xoşdur”. Bunu hazırda Parisdə səfərdə olan İctimai Liderlərin Məşvərət Məclisi İctimai Birliyinin sədri Həsən Şıxəliyev deyib. Təşkilat sədri bildirib ki, Paris küçələrində sakitlik hökm sürür: “Əvvəlki kimi əsas yerlərdə polis görmək olur. Hazırda Parisdə turist olduqca çoxdur, küçələrdə sərbəst və problemsiz hərəkət edirlər. Eyfel qülləsi və Lüvurda, eləcədə operada turistlər istənilən qədərdir. Onların arasında müsəlmanlar da az deyil”.
QHT rəhbəri əlavə edib ki, Paris hava limanında Azərbaycanda pasportuna hörmət dirlər: “Son hadisələrdən sonra xüsusi olaraq çox sorğu-sual etmirlər. Deyirlər ki, Azərbaycan yaxşı ölkədir, əhalisi mədənidir. Parisdə azərbaycanlılara qarşı münasibət normaldır. Bunu gömrükdən keçəndə hiss edirsən, hotellərdə də bu istiliyi müşahidə etmək olar. Fikrimcə, Azərbaycanı daaha yaxşı şəkildə tanıtmaq olar. Guya Fransada erməni diasporasının güclü olduğu deyilir. Məncə, ermənilərin özlərinin yaratdığı mifdir”.
H. Şıxəliyev qeyd edib ki, Fransaya səfəri AŞPA sessiyasında iştirak etmək məqsədi daşıyır: “Sessiyada bir sıra məsələlər müzakirə ediləcək. Azərbaycanla bağlı xüsusi bir məsələnin müzakirəsi yoxdur.
Fransada baş verən son hadisə bir növ ABŞ-dakı 11 sentyabr terror hadisəsinin başqa formasıdır. Hazırda Avropada sakitlik hökm sürür”.
Cavidan