Azərbaycanın işğal altındakı kəndlərinin geri qaytarılması Ermənistanın özü üçün də faydalıdır.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Ermənistan rəhbərinin məsələnin həlli ilə əlaqədar Azərbaycana qəbuledilməz təkliflər verdiyini bildirib:
“Erməni mənbələrinə görə, Baş nazir Nikol Paşinyan Azərbaycanın tələb etdiyi 4 kəndi geri qaytarmağa hazırdır, ancaq bunun qarşılığında Azərbaycan ordusunun sərhəddəki strateji yüksəklikləri tərk etməsini istəyib. Bu, mümkün deyil. Həmin strateji yüksəkliklər ordumuz üçün strateji əhəmiyyət daşıyır. Həmin yüksəkliklərdən Ermənistanın yolları, şəhərləri və hava limanlarının bir qismi nəzarətimiz altındadır. Bu o deməkdir ki, bu yüksəkliklər bizə qarşı mümkün təhdidlərin qarşısını alır.
Böyük ehtimalla Paşinyan 4 kəndlə bağlı araşdırma aparıb və onun üçün hazırlanan hesabatla tanışdır. Həmin kəndlər boşdur, Ermənistan üçün elə bir əhəmiyyəti yoxdur. Azərbaycanın digər ərazilərinə bitişik 4 kəndin geri qaytarılması Ermənistanın özü üçün faydalıdır ki, danışıqlarda müsbət atmosfer formalaşacaq. Buna baxmayaraq, Paşinyan 4 kənddən alver predmeti kimi istifadə etmək istəyərək, qarşılığında nəsə qazanmağa çalışır. Ancaq onun düşündüyü “qazanc” strateji yüksəkliklərə bəbarər deyil”.