3 Aprel 12:11
5 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Qarabağla bağlı qərarlarını (Azərbaycanın ərazisi olaraq tanıması – red.) NATO-nun təsiri altında verib, regionda vəziyyətin gərginləşdiyi dövrdə Moskva və KTMT-nin Ermənistana kömək etməməsi barədə bəyanatlar yalandır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Bu doğru deyil, yalandır. Rəsmi İrəvan bu qərarı Qərblə məsləhətləşdikdən sonra verib. İrəvanın Qarabağla bağlı verdiyi qərarlara görə Rusiya və KTMT-nin günahı olduğunu iddia edən və bu ideyanı yayanların hamısını yalan hesab edirəm”, - Zaxarova bildirib.

Onun sözlərinə görə, Qərb dövlətləri “Ermənistanın Qarabağdan rəsmən çıxarılması mövzusu”nu təbliğ edirlər. Zaxarova qeyd edib ki, NATO-nun göstərişi ilə imzalanan sənədlərdə “Qarabağ ermənilərinin hüquqları” heç bir şəkildə təsbit və təmin edilməyib.

Zaxarova həmçinin vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında yeni gərginlik yalnız İrəvanın Avropa Birliyi, ABŞ və Böyük Britaniyaya region və ölkədəki vəziyyətə dağıdıcı təsir göstərməsinə nə dərəcədə imkan verəcəyindən asılıdır.

İlk dəfə deyil ki, bir Rusiya rəsmisi Qarabağın Ermənistan tərəfindən Azərbaycan ərazisi olaraq tanınmasına ikibaşlı yanaşma sərgiləyir. Zaxarovadan əvvəl onun patronu – xarici işlər naziri Sergey Lavrov belə bir açıqlama verib. Hətta Lavrov Rusiya Prezidenti Vladimir Putinin Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanımasından təəccübləndiyini söyləyib. Ermənistan tanısa da, tanımasa da, Rusiya təəccüblənsə də, təəccüblənməsə də, Qarabağ Azərbaycan ərazisidir. Bu, bütün beynəlxalq qurumlar tərəfindən belə təsbit olunub. İndi Ermənistanın Qarabağdan çıxması və ya çıxarılması niyə onlara belə təsir edir? Hər halda Rusiyanın məqsədi bu sualda gizlidir.

Qərb-Rusiya çəkişməsi və Ermənistanın buradakı iştirakına gəlincə, bu, Azərbaycana aid məsələ deyil. Bir hissəmiz olan Qarabağ da bu müstəvidə müzakirə predmeti olmamalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər