Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi nə qədər tez imzalansa, bir o qədər yaxşıdır.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyindən “Joqovurd” qəzetinə bildirilib.
Nəşr 4 kəndin Azərbaycana təhvil verilməsi, sərhəddəki durum, delimitasiya prosesində xəritə məsələsi ilə bağlı səfirliyə sorğu göndərib.
Həmçinin “Joqovurd” səfir Kristina Kristina Kuinə belə bir təxribatçı sual da ünvanlayıb:
“Martın 18-də Tavuşda sakinlərlə görüşü zamanı Ermənistan Baş naziri Nikol Paşinyan bəyan etdi ki, yaxın günlərdə delimitasiya prosesi başlamasa, yəni ərazilər (4 kənd) təhvil verilməsə, o zaman müharibə başlayacaq. Səfir müharibənin qaçılmazlığı ilə bağlı hansı məlumatlara malikdir, Ermənistana hücum olarsa, beynəlxalq ictimaiyyət buna necə reaksiya verəcək?”.
ABŞ səfirliyinin suallara cavabı ümumi olub:
“ABŞ Ermənistanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. Ümid edirik ki, Ermənistan və Azərbaycan həmin suverenliyi və ərazi bütövlüyünü tanıyan davamlı sülh sazişi imzalayacaq, bu, nə qədər tez olsa, bir o qədər yaxşıdır.
Birləşmiş Ştatlar açıq şəkildə göstərdi ki, bu münaqişənin hərbi həlli yoxdur. İnanırıq ki, davam edən gərginlik Ermənistan və Azərbaycanın davamlı və ləyaqətli sülhə doğru irəliləyişinə xələl gətirə bilər”.