Avropa Birliyi (AB) Qarabağ erməniləri üçün ayrılan maddi vəsaiti artırmağa hazırdır.
Teleqraf.com xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Brüsseldə AB-ABŞ-Ermənistan üçtərəfli görüşü ilə bağlı mətbuat konfransında bildirib.
Leyen AB-nin tövsiyə, texniki yardım və maliyyə vasitəsilə Ermənistanda davam edən islahatları dəstəkləməyə davam edəcəyini təsdiqləyib.
Azərbaycanın Qarabağ iqtisadi rayonundan könüllü gedən ermənilərə gəlincə, Ursula fon der Leyen onları “qaçqın” adlandırıb və onların “ağır vəziyyət”ini unutmadıqlarını söyləyib:
“Ermənistandakı qaçqınların humanitar vəziyyəti prioritet olaraq qalır. Biz onları dəstəkləmək üçün 30 milyon avrodan çox vəsait ayırmışıq və daha çox şey etməyə hazırıq”.
Komissiya rəhbəri ABŞ-yə bu səydə sadiq və həmfikir tərəfdaş kimi arxalana biləcəklərini də vurğulayıb.
“Sabit və firavan Cənubi Qafqaz regionunda Ermənistanın gələcəyi naminə birgə fəaliyyətimizi davam etdirəcəyik”, - Leyen vurğulayıb.