Hazırda Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasından söhbət getmir. Çünki yaxın perspektivdə bunu razılaşdırmaq müəyyən mənada problematikdir. Bir çox məsələləri ehtiva edən ən böyük sənəd sülh sənədidir. Ancaq burada sülhlə bağlı niyyət protokolunu imzalamaq olar, buna çərçivə sazişi də deyirlər. Bunun üçün heç bir problem yoxdur. Hər iki dövlət nümayəndələri, rəsmiləri də deyir ki, artıq prinsiplər razılaşdırılıb. Əgər söhbət çərçivə sazişindən gedirsə, burada sadəcə prinsiplərin razılaşdırıldığından söhbət gedəcək. Müəyyən öhdəliklər götürüləcək və addımlar atılacaq.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib
Onun sözlərinə görə, ancaq bunun problemə çevrilmə ehtimalı da mümkündür:
“Məsələn, sərhədlərin müəyyənləşməsi - delimitasiya və demarkasiya prosesi ilə bağlı İrəvan əvvəlki kimi iddia edə bilər ki, Ermənistanın 29.7 min kvadrat kilometr ərazisi çərçivə sənədində bələ ifadə olunsun. Əlbəttə, Azərbaycan bunu qəbul etməz. Bunun özü də absurddur. Çünki artıq ərazilər hissə-hissə sərhədlərin delimitasiya və demarkasiya prosesini həll edəcəklər. Bu, zaman aparan məsələdir. Hazırda relyef rahat olan ərazilərdə işlər gedir deyə, proses sürətli aparılır. Ancaq elə dağlıq ərazilər, düyün nöqtələri var ki, bu mərhələlərdə əlbəttə ki, danışıqlara ehtiyac olacaq. Ona görə düşünürəm ki, tərəflərin məsələsi birbaşa prinsipial olaraq yox, başqa ifadələrlə mətnə əlavə edilmək istənilərsə, o zaman süni əngəllər yaradıla bilər.
Bu gün Ermənistan üçün başqa seçim yoxdur. Çünki İrəvan da gördü və anladı ki, Ermənistan üçün sərhədlərin delimitasiya prosesi dolayısilə sərhədlərin təhlükəsizliyi üçün ən böyük legitimləşdirmədir. Artıq bunu Ermənistanda anlamağa başlayıblar. Bu da çox əhəmiyyətlidir. Eyni zamanda müəyyən mənada qarşılıqlı etimad prosesi də yaranır. Çünki indiyə qədər gəlinən nöqtə məhz ikitərəfli, vasitəçilərsiz müstəvidə həll olunub. Bu praktik nəticələr imkan verir ki, gələcəyə aydın şəkildə baxmaq mümkün olsun".
Politoloqun sözlərinə görə, erməni mənbələri vurğulamır ki, sadəcə Qazaxda tətbiq olunan 1976-cı il xəritəsinə əsasən müəyyən əraziləri geri qaytarılacaq:
“1976-cı il xəritələrinə əsasən bəzi mövqelər var ki, Azərbaycana qaytarılmalıdır. Ermənistan bunu istisna etmir. Çünki gələcək perspektivdə bu şəkildə tətbiq Ermənistanın maraqlarına xidmət edir. Bəzi strateji yüksəkliklər var ki, əgər proses bu xəritə əsasında aparılsa, o zaman Ermənistan həmin mövqeləri Azərbaycandan istəyə bilər. Bu mövqelər isə bizimdir. Buna görə bu xəritənin total bütün ərazilərdə keçərli olacağı razılaşması mövcud deyil. Sadəcə bunların özünün təklif etdiyi xəritə olduğu üçün onlara başa salırlar ki, bu ərazilər Azərbaycan əraziləridir. Ancaq bu demək deyil ki, Zəngəzur, Dərələyəz, yəni bir çox bölgələrdə, bir neçə kəndlərin böyük əksəriyyəti Azərbaycana qaytarılacaq. Bunlar şişirdilmiş rəqəmlərdir. Bu gün ən azı ciddi müzakirə predmeti deyil. Azərbaycan bunları sonraya saxlayır. Ancaq qaytarılmalı olan mövqelər mövcuddur.
Düşünürəm ki, bu, qaçılmazdır və Ermənistan bunu qaytaracaq. Sadəcə, bunu bir neçə dəfə şişirdərək guya həm Zəngəzur, həm Dərələyəzi bütövlükdə Azərbaycan tələb edir və Ermənistan da qaytarır demək, uyğun deyil. Belə bir şey yoxdur. Ermənistan bir santimetr belə Azərbaycana torpaq qaytarmaq fikrində deyil. Söhbət Azərbaycan torpaqlarının bizə qaytarılmasından gedir. Bu da 1976-cı ilin xəritəsinə uyğun olaraq belə bir mövqedir. Ancaq bu xəritə kütləvi olaraq bütün 1000 kilometrlik ərazinin hamısına eyni qaydada tətbiq olunmayacaq. Çünki belə razılaşma hələlik mövcud deyil. Bu məsələləri insanlar çox qarışdırır. Heç olmasa bilsinlər ki, ermənilər nə şişirdir və nələr qaytarıla bilər.
Ötən gün Avropa Birliyinin missiyası Qaragölün ətrafına gəliblər. Bu da onunla bağlıdır ki, həmin xəritəyə uyğun olaraq Qaragölün ətrafında bəzi ərazilər Azərbaycana qaytarılmalıdır. Azərbaycan elə-belə iddia etmir ki, Ermənistanın özünün ortalığa qoyduğu baxıldığında bu ərazilərin keçmişdə Azərbaycana məxsus olduğu açıq-aşkar görünür. Məsələ bundan ibarətdir”.