17 Avqust 20:02
2 266
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəngəzur dəhlizinin açılmaması İran amilinə bağlı deyil, sadəcə Türkiyə hələlik bu məsələnin üstünə çox getmir.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Ruben Safrastyan deyib.

“Dəhlizin İran faktoruna görə açılmaması fikri ilə razı deyiləm. Reallıq daha mürəkkəbdir. İndiki mərhələdə Ermənistan-Azərbaycan müqaviləsi Türkiyə üçün önəmlidir. Ərdoğan da bu haqda danışır. Məlumat var ki, Zəngəzur dəhlizi məsələsi gələcəyə təxirə salınıb. Bu da ondan irəli gəlir ki, bu gün Türkiyənin bu dəhlizə ehtiyacı yoxdur.

Bunun Türkiyə üçün əhəmiyyət kəsb etməsi üçün onun ərazisindən Qarsdan Naxçıvana dəmir yolu çəkmək lazımdır. Türkiyə dəhliz problemini sonraya təxirə salıb. Türkiyə nəqliyyat nazirinin (Abdulkadir Uraloğlu) son açıqlaması belədir ki, dəmir yolunun tikintisi 2028-ci ildə başa çatdırılmalıdır. 15 ildir bu haqda danışırdılar, artıq indi işə başlayırlar”, - ekspert bildirib.

Safrastyan qeyd edib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması Ermənistan-Azərbaycan sülh müqaviləsindən asılıdır, bu, Ankaranın mövqeyidir: “Amma imzalansa belə, Türkiyə sərhədi dərhal açmayacaq, əksinə, Zəngəzur dəhlizi probleminin həlli üçün Ermənistana təzyiq edəcək. Türkiyə sərhədlərin açılması məsələsindən dəhliz əldə etmək üçün istifadə edəcək”.

Onun iddiasına görə, İranla Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən operativ magistral olduğundan Bakı üçün dəhliz o qədər də vacib deyil:

“Bu, Türkiyə üçün vacibdir, çünki bununla Türkiyə təkcə Azərbaycan və Orta Asiya ilə münasibətlər problemini yox, daha qlobal problemi həll edir. Qısaca “Pekin-London xətti” adlandırıla bilən bu layihəyə amerikalılar da maraq göstərir. Çin və Avropa arasında quru əlaqəsində problem var. ABŞ üçün isə bu yerüstü kommunikasiyanın Rusiya və İran yox, onların nəzarətində olacaq Cənubi Qafqazdan keçməsi çox vacibdir. Yəni bu məsələ qlobal miqyasdadır, xüsusən də ABŞ-nin marağındadır. Bu proses tamamlanmayıb, inkişaf mərhələsindədir”.

Safrastyanın fikrincə, sülh müqaviləsinin imzalanması Türkiyənin Cənubi Qafqazdakı geosiyasi statusunu tam legitimləşdirəcək.

Eyni zamanda, o qeyd edib ki, 44 günlük müharibəyədək Rusiya regionda yeganə qlobal güc idisə, savaşdan sonra durum Türkiyənin xeyrinə dəyişib: “Müharibədən sonra Türkiyə regionda mövqelərini möhkəmləndirmək imkanı əldə etdi, bu da İranın xoşuna gəlmir, o da öz növbəsində fəallaşmağa çalışır. Bunun da əsas istiqaməti onun Türkiyənin Zəngəzur dəhlizində ekstraterritorial hüquq əldə etməsinə mane olmaq istəyidir”.

Erməni politoloq ən müxtəlif geosiyasi güclərin Cənubi Qafqaza artan maraqlarının dəhlizlə bağlı olduğunu iddia edib.

Safrastyan əlavə edib ki, Ermənistan Azərbaycandan fərqli olaraq, mövcud durumda iki geosiyasi qütb (Rusiya və Qərb) arasındakı ziddiyyətlərin mərkəzində qalıb: “Bəli, Azərbaycan oyunda liderlik edir və hər iki qütbdən faydalanır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər