2 Sentyabr 20:37
10 328
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sülh müqaviləsi ilə bağlı Bakı və İrəvan arasında ciddi razılaşmalar əldə edilib.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Azərbaycan Ermənistana sülh müqaviləsi ilə bağlı yeni təkliflər paketi təqdim etməyə hazırlaşır:

“Tərəflər arasında danışıqlar davam edir, müsbət istiqamətlərdə irəliləyişə nail olunub. Ermənistan Baş naziri Nikol Paşinyan 17 maddədən 13-nün razılaşdırıldığını açıqlayıb. Həmçinin sənədin ön hissəsi razılaşdırılıb. Üstəgəl, uzunmüddətli müzakirələrdən sonra Azərbaycan və Ermənistan arasında sərhəd komissiyalarının birgə fəaliyyəti haqqında əsasnamə imzalanıb. Bu, həm də Avropa Birliyinin Ermənistanın Azərbaycanla sərhədindəki mülki missiyasının geri çəkilməsinə zəmin yaradır. Artıq prezidentin köməkçisi Hikmət Hacıyev bununla bağlı mesajımızı qarşı tərəfə çatdırıb.

Paşinyanın son mətbuat konfransında diqqətçəkən bir açıqlaması da sərhəddə Prezident İlham Əliyevlə görüşə razı olması ilə bağlı oldu. İkitərəfli danışıqlar və sərhəddə görüş Azərbaycanın təklifidir. Artıq İrəvan Bakının bu şərti ilə razıdır.

Hazırda sülh müqaviləsinin imzalanmasına yeganə maneə Ermənistan Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının qalmasıdır. İrəvan Konstitusiya dəyişikliyinə iki sonra gedəcəyini bəyan edib. Bu, sülh prosesini ləngidə bilər. Paralel olaraq, Ermənistan silahlanır. Amma bunun hərbi eskalasiyaya gətirib çıxaracağını istisna edirəm. Çünki həm Ermənistanın hərbi balansı xeyrinə dəyişmək imkanı yoxdur, həm də danışıqlar dinamik şəkildə davam edir, ikitərəfli əsasda razılaşmalar da var. Əgər anlaşmalar hər iki tərəfi razı salırsa, niyə savaşa getsinlər?

Məhəmməd Əsədullazadə Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı səylərinə də diqqət çəkib:

“Ermənistanı yola gətirə bilməyən Rusiyanın məqsədi dəhlizin hərbi yolla açılmasına nail olmaqdır. Bakı buna getməyəcək, əgər Rusiya və Ermənistan arasında bu barədə bir problem varsa, özləri həll eləsinlər. Qərblə Rusiya arasında geosiyasi rəqabət məsələsinə çevrildiyi üçün biz bunu sülh müqaviləsi ilə bağlı şərtlərdən də çıxarmışıq. Bu da onu göstərir ki, Azərbaycan bu məsələdə kimsənin hədəfi olmaq istəmir. Öz işləridir, özləri bilərlər. Əlbəttə, biz də dəhlizin açılmasını istəyirik, sülh müqaviləsi imzalandıqdan sonra bunu sakit yolla həll edə bilərik. Hesab edirəm ki, Azərbaycanın bu həmləsi ona qarşı manipulyasiya ilə məşğul olanların əl-qolunu bağladı. Söhbət təkcə Rusiya yox, həm də Qərbdən gedir.

Rusiya ilə yanaşı, Fransa da hərbi eskalasiyada maraqlıdır. Rusiyadan gen qaçan Ermənistan Fransanın diktəsi ilə danışıqları pozub hərbi təxribatlara gedərsə, itirən tərəf İrəvan olacaq. Paşinyan bunun Ermənistan üçün mümkün arzuolunmaz nəticələrini yaxşı bilir. Hələlik qarşıdurma üçün zəmin yoxdur, bu baxımdan Ermənistan və Azərbaycan arasında sülhə dair çərçivə sazişinin imzalanması mümkündür, əldə edilmiş son ciddi razılaşmalar buna imkan yaradır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər