I Avropa Oyunlarına dəstək vermək üçün sosial şəbəkədə dostluq qrupu yaradılıb
Bu ilin iyununda Azərbaycanda keçiriləcək I Avropa Oyunlarına dəstək vermək üçün Facebook sosial şəbəkəsində “Bakı-2015” birinci Avropa Oyunlarına dəstək” sosial dostluq qrupu yaradılıb. Qrupun məqsədi ilə bağlı oxucuları daha ətraflı tanış etmək istədik.
10 mindən artıq izləyici
Layihənin koordinatoru Nicat Müslümovun sözlərinə görə, qrup böyük izləyici diqqəti ilə üzləşib: “Bu ilin iyununda keçiriləcək Avropa yay oyunlarına dəstək məqsədilə millət vəkili Fəzail Ağamalının ideyası ilə sosial şəbəkələrdə dostluq qrupu yaratdıq. Məqsədimiz Azərbaycanda və xaricdə ölkəmizi və idmansevərləri yay Avropa oyunlarına dəstək üçün bir araya gətirmək, sülhə, əməkdaşlığa, dostluğa xidmət edən bu möhtəşəm idman yarışına töhfə vermək, ona mane olmağa çalışanlara qarşı öz iradəmizi ortaya qoymaqdır”.
Nicat Müslümov qeyd edib ki, qrupun 10 mindən artıq izləyicisi var və onların sayı gündən-günə artır: “Şəbəkəmiz genişdir. Böyük Britaniya, İspaniya, Fransa, Almaniya və digər ölkələrin vətəndaşları da izləyicilər sırasındadır. Xaricidə təhsil alan və yaşayan gənclərimiz ölkəmizin I Avropa Oyunlarına necə hazırlaşdığı barədə ispan, ingilis, rus, fransız dillərində paylaşımlar edirlər.
Eyni zamanda Azərbaycanın müxtəlif bölgələrindən də qrupumuza qoşulan gənclərimiz var. Mən bütün soydaşlarımızı qrupda aktiv fəaliyyət göstərməyə çağırıram. Gəlin hamımız müxtəlif dillərdə statuslar yazaraq oyunları, Azərbaycanı təbliğ edək.
Biz gənclər olaraq vətənimiz üçün sıx birləşməliyik. Düşünürəm ki, bu oyunların keçirilməsi həm Azərbaycanın piarıdır, həm də Dağlıq Qarabağ probleminin həllinə öz töhfəsini verəcək”.
“Möhtəşəm günü gözləyirik”
Layihənin idarəçilərindən biri, İspaniyada təhsil alan Fatimə Qurbanzadə deyir ki, hazırda dünya mediasının gözü Azərbaycandadır: “Bunu xaricdə təhsil alan bir gənc kimi əminliklə deyə bilərəm. Azərbaycan bu gün Cənubi Qafqazda lider ölkəyə çevrilməkdədir. Buna ən bariz nümunə iyun ayında Azərbaycanda keçiriləcək I Avropa Oyunlarıdır.
Avropa Olimpiya Komitəsinin 41-ci Baş Asambleyasında ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında 8 dekabr 2012-ci ildə qərar verildi. Məhz 2015-ci il tarixində I Avropa Ouyunlarının Azərbaycanda keçirilməsi böyük bir etimad və uğur idi. Təhsil aldığım ölkədə Azərbaycanlı olduğumu bilənlər oyunlar barədə də tez-tez suallar verirlər. Çünki bu oyunlar onlarda maraqlıdır.
Erməni diasporunun hiylələrə əl ataraq müxtəlif “soyqırım” xülyalarını təbliğ etməkdə olduqları bir zamanda ölkəmiz bu yüksək səviyyəli tədbirlərlə irəli çıxması xaricdə təhsil alan tələbələr üçün fəxrdir. İspaniyalı tələbə yoldaşlarımla birlikdə möhtəşəm günün açılışını gözləyirik”.
Məqsəd Azərbaycanının imicini gücləndirməkdir
Qrupa dəstək verən professor Qüdrət İsakov da beynəlxalq idman yarışının əhəmiyyətindən danışdı: “Oyunlara görə Avropanın 50-dən çox ölkəsi, olimpiya qurumları Azərbaycanda işləyib və oyunlara hazırlıq görüblər. İdman yarış və barış, ölkələr arasında körpü, millətin və insanların sağlamlığı deməkdir. Ona görə belə yarışlar həddindən ziyadə vacibdir.
Biz həmin tədbirlərdən istifadə edərək idmanın Azərbaycanda daha da geniş vüsət almasına səy göstərməliyik. Çoxları deyir ki, oyunların keçirilməsində əsas məqsəd Azərbaycanı tanıtmaqdır. Yox, elə deyil, ölkəmiz dünyada kifayət qədər tanınır. Bizim amalımız Azərbaycanın imicini gücləndirməkdir”.
Tiflisdə bukletlər paylanacaq
Qrupun fəallarından biri, Gürcüstanda yaşayan Məhəbbət İmanov deyir ki, “Bakı-2015” birinci Avropa Oyunlarına dəstək” qrupunda qoşulmaqda məqsədi Azərbaycan həqiqətlərini Gürcüstan ictimaiyyətinə çatdırmaqdır: “Mən bu qrupa könüllü qoşulmuşam. Əsas tədbirlərimizi Tiflisdə təşkil edirik ki, buradakı insanlar I Avropa Oyunları ilə yaxından tanış olsun. Fikrimcə, oyunların Bakıda keçirilməsi Azərbaycan xalqında və Gürcüstanda yaşayan azərbaycanlılarda qürur hissi doğurur.
Məqsədimiz I Avropa Oyunları vasitəsilə həqiqətlər dünyaya çatdırmaqdır. Sosial şəbəkələrdə paylaşımlar edir, Gürcüstan Universitetində seminarlar təşkil edirik. Yaxın bir neçə gün ərzində Tiflisin mərkəzi küçələrində I Avropa Oyunlarını əks etdirən bukletlər paylayacağıq”.
İlhamə ƏBÜLFƏT