27 May 2015 09:03
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi 28 May - Respublika Günü münasibətilə Londonda rəsmi qəbul keçirib.

Tədbirdə Londondakı diplomatik korpusun nümayəndələri, Böyük Britaniya Parlamenti Lordlar Palatasının üzvləri, hökumət rəsmiləri, bu ölkədə fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə tədbir iştirakçılarına müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və 23 aylıq fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlər barədə məlumat verib.

Azərbaycan ilə Böyük Britaniya arasında siyasi, iqtisadi, mədəni və başqa sahələrdə sürətlə inkişaf edən əlaqələrdən danışılıb. Böyük Britaniyanın Azərbaycan üçün etibarlı tərəfdaş olduğunu qeyd edən səfir hər iki ölkə arasında möhkəm əməkdaşlığın təşəkkül tapdığını vurğulayıb. Diplomat Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində Azərbaycanın böyük rolunu diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan müxtəlif beynəlxalq platformalarda Böyük Britaniya ilə birgə fəaliyyət göstərir.

Yaxın günlərdə Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları haqqında məlumat verən T.Tağızadə bu mötəbər tədbirin təşkilati işlərində Böyük Britaniyadan olan ekspertlərin yaxından iştirak etdiklərini vurğulayıb.

Böyük Britaniya Xarici İşlər Nazirliyinin idarə rəisi Maykl Tethem Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib. Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluğunu bildirən nazirlik rəsmisi Birləşmiş Krallığın xüsusilə enerji sahəsində Azərbaycana yatırılan xarici investisiyada lider mövqe tutmasının sevindirici hal olduğunu vurğulayıb. O, təkcə enerji üzrə deyil, təhsil və mədəniyyət sahələrində də ölkərimiz arasındakı münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib.

Birinci Avropa Oyunlarını mühüm idman hadisəsi adlandıran M.Tethem qeyd edib ki, bu tədbir Azərbaycanın beynəlxalq dəyərlərə sahib olmasının sübutudur.

Böyük Britaniya Parlamentinin Lordlar palatasının üzvü Lord Deyvid Evans isə bu yaxınlarda Bakıda olduğunu və paytaxtda müşahidə etdiyi inkişafın onda dərin təəssürat yaratdığını diqqətə çatdırıb. O, Bakıda olarkən birinci Avropa Oyunlarının keçirilməsi üçün tikilən idman qurğuları və infrastrukturla yaxından tanış olmaq imkanı əldə etdiyini və hazırlıq işlərinin möhtəşəm olduğunu bildirib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Böyük Britaniya nümayəndəliyinin rəhbəri Rüfət Əfəndiyev təmsil etdiyi qurumun fəaliyyətindən danışıb, Britaniya şirkətləri ilə birgə həyata keçirilən layihələrdən bəhs edib.

Tədbirdə Azərbaycanın neft sənayesinin inkişafında xidmətlərinə görə “Azəri-Çıraq-Günəşli” layihəsinin vitse-prezidenti Kerol Li Kirniyə “Tərəqqi” medalı təqdim olunub.














Müəllif:

Oxşar xəbərlər